Accessibility links

Ərəstun Oruclu: MTN-də önəmli postlar tutan Akif Çovdarov və digərləri Rusiyaya bağlı idi [Video-müsahibə]


MTN-də önəmli postlar tutan Akif Çovdarov və digərləri Rusiyaya bağlı idi
please wait

No media source currently available

0:00 0:09:44 0:00

MTN-də önəmli postlar tutan Akif Çovdarov və digərləri Rusiyaya bağlı idi

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində Milli Təhlükəsizlik Nazirliyində qanun pozuntularının səbəbləri, yeni kadrların yerləşdirilməsi, “Milli Təhlükəsizlik Konsepsiyası”nın fəlsəfəsindən danışıb.

Amerikanın Səsi: Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması ilə bağlı çoxsaylı məlumatlar yayılır. Bu quruma nəzarət edən orqanların neçə illər ərzində qanun pozuntularını görməməsinin səbəbi nədir?

Təbii ki, əgər onlar bütün gücünü, orqanın bütün imkanlarını hakimiyyəti qorumağa yönəltmişdilərsə, onların da müəyyən hərəkətlərinə göz yumulmalı idi.

Ərəstun Oruclu: Artıq faktiki həbslər gedir. Nazir işdən azad edilib, istintaq gedir. Belə deyək ki, reallıq ortadadır. Amma, bu günün reallığı deyil, bu. Tamamilə doğru qeyddir. Həmin o dəstə vəzifəyə gəldiyi günlər, yəni 2004-cü ilin iyul ayından, bu onların normal fəaliyyətidir, əgər belə demək olarsa. Niyə buna uzun müddət göz yumulubdu? Əslində Eldar Mahmudovun, onun dəstəsinin hakimiyyətə gətirilməsi, vəzifəyə gətirilməsi, milli təhlükəsizlik orqanının başında yerləşdirilməsi, bu Milli Təhlükəsizlik Nazirliyinin özünün təyinatının dəyişməsi idi. Çünki, o özü artıq ölkənin təhlükəsizlik qurumundan, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olmalı olan qurumundan praktiki olaraq bir cəza dəstəsinə çevrilirdi və çevrilmişdi də. Deməli onların qarşısında tamamilə başqa bir vəzifə qoyulmuşdu, hakimiyyəti qorumaq. Biz gördük ki, bu illər ərzində ölkənin vətəndaş cəmiyyəti fəalları, müxalifət nümayəndələri, jurnalistlər həmin qurumun müxtəlif böhtan, şər xarakterli əməliyyatlarının güdazına gedib. Deməli bunlar artıq öz fəaliyyətləri ilə məşğul deyildilər. Təbii ki, əgər onlar bütün gücünü, orqanın bütün imkanlarını hakimiyyəti qorumağa yönəltmişdilərsə, onların da müəyyən hərəkətlərinə göz yumulmalı idi. Çünki hakimiyyətin mahiyyəti, hakimiyyətin təbiəti ölkənin sərvətlərinin bölüşdürülməsi, gəlir əldə edilməsi, korrupsiya, rüşvət, - bu amillər üzərində qurulmuşdu. Yəni sən mənim hakimiyyətimi qoruyursan, mən sənə imkan vermirəm pul qazanmağa, - bir az məntiqsiz çıxır ki, nəyə görə sən bu cinayətlərə bulaşmalısan? Əslində onların törətdiyi əməllərin hamısı cinayətdir. Şərləmələr, böhtanlar, müxtəlif provokasiyalar (təxribatlar-red), insanlara qarşı zorakılığın tətbiq olunması, - hamısı cinayət əməlləridir. Bu cinayət əməllərinin müqabilində müvafiq sərvət toplamalı idilər, adekvat təminat əldə etməli idilər. Buna görə də göz yumurdular. Digər səbəb isə Azərbaycanda ümumiyyətlə güc strukturlarına (təkcə MTN deyil) nəzarət mexanizminin olmamasıdır. Bu da avtoritar hakimiyyətin mahiyyətindən gələn bir fenomendir. Azərbaycanda dövlət hakimiyyəti sistemində instutsionallıq pozulub. Təsəvvür edin ki, ölkənin nazirliklərinin (nəinki MTN, Müdafiə, Daxili İşlər nazirlikləri) heç biri ölkənin ali qanunvericilik orqanı olan parlamentdə hesabat verməyə borclu deyillər. Təbii ki, belə olan halda hakimiyyətin bir əldə cəmləşməsi buna gətirib çıxarmalı idi. Bu təbii bir şeydir.

Amerikanın Səsi: Milli Təhlükəsizlik Naziri MDB dövlət başçılarının Astana Sammitindən sonra azad edildi. Səbəb nə idi?

2005-ci ilin payızında Rusiya xarici kəşfiyyat idarəsinin direktoru Yuri Lebedev səfərə gəldi və MTN rəhbərləri ilə görüş keçirdi. O zamankı görüşdən sonra iki mühüm hadisə baş verdi. Bu hadisələrdən biri ölkənin şərti olaraq qərb yönümlü sayıla biləcək iki nazirinin Əli İnsanov və Fərhad Əliyevin həbsi idi.

Ərəstun Oruclu: Eldar Mahmudov təzəcə milli təhlükəsizlik naziri təyin olunanda onun orqana gətirdiyi insanların və xüsusilə də nazirlikdə önəmli postlar tutan Akif Çovdarov və digərləri, bunlar Rusiyaya bağlı insanlar idi. Yəni Eldar Mahmudov nazir oldu, Akif Çovdarovu gətirdi və qısa müddətdə onu böyütdü, nazirlikdə ən odyoz (qorxulu-red) fiqura çevirdi. Həmin Akif Çovdarov bu vaxtadık Rusiyada idi. O faktiki olaraq taxta-şalban alveri ilə məşğul idi. Artıq polis orqanlarından pensiyaya (təqaüdə-red) çıxmışdı. Bundan sonra, xatırlayırsınızsa 2005-ci ilin payızında Rusiya xarici kəşfiyyat idarəsinin direktoru Yuri Lebedev səfərə gəldi və MTN rəhbərləri ilə görüş keçirdi. O zamankı görüşdən sonra iki mühüm hadisə baş verdi. Bu hadisələrdən biri ölkənin şərti olaraq qərb yönümlü sayıla biləcək iki nazirinin Əli İnsanov və Fərhad Əliyevin həbsi idi. Digəri isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat idarəsinin rəisi Eldar Məmmədəliyevin kənarlaşdırılması idi. Onun kənarlaşdırılması çox əcaib şəkildə baş verdi. Onu qanunsuz silah gəzdirməkdə ittiham etdilər, saxladılar, sonra kənarlaşdırdılar, işi bağladılar. Yəni orqan faktiki olaraq Azərbaycanın dövlət orqanı sayılmaqla yanaşı Rusiya xüsusi xidmət orqanlarının himayəsi altında çalışırdı. Mən istisna etmirəm ki, onlar Rusiyanın Azərbaycanda yerinə yetirdikləri sifarişlər arasında elə dövlət başçısının özünə qarşı, onun yaxın ətrafına qarşı müvafiq sifarişlər də yerinə yetrimişlər. Mən bunu istisna etmirəm. Məhz, Astanada İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra bu hadisənin baş verməsi də dolayısı ilə bu fikri gücləndirir. Ona görə mümkündür ki, İlham Əliyev Astanada olan görüşdə hansısa söhbətdən tam qənaətə gəlindi ki, artıq bu orqan nəinki Azərbaycan dövlətinin maraqlarlına xidmət etmir, nəinki Rusiyaya xidmət edir, artıq Azərabaycan hakimiyyətinin özünə qarşı, o cümlədən İlham Əliyevin özünə qarşı fəaliyyət göstərir. Ona görə də İlham Əliyev geriyə dönən kimi sürətlə bu orqanın başında duran şəxslərin kənarlaşdırılması, onların həbsə alınması baş verdi.

Amerikanın Səsi: Milli Təhlükəsizlik Nazirliyində kadrların yeniləri ilə əvəzlənməsi prosesi gedir. Kadrlar hansı prinsiplərlə seçilməlidir ki, sonradan qanun pozuntuları baş verməsin?

Ən başlıcası Azərbaycanda hüquqi dövlət prinsiplərinin bərqərar olunması lazımdır.

Ərəstun Oruclu: MTN-ə yeni kadrların götürülməsi uzunmüddətli bir məsələdir. Bunun üçün illər boyu iş aparılmalıdır, konsepsiyalar, hüquqi baza hazırlanmalıdır. Milli Təhlükəsizlik Konsepsiyasına uyğun MTN-nin bütövlükdə fəaliyyəti qurulmalıdır. Ona nəzarət mexanizmləri işlənib hazırlanmalıdır. Ən başlıcası Azərbaycanda hüquqi dövlət prinsiplərinin bərqərar olunması lazımdır.

Amerikanın Səsi: Azərbaycanın “Milli Təhlükəsizlik Konsepsiyası” Milli Təhlükəsizlik Nazirliyinin infrastrukturunun fəlsəfəsi ilə üst-üstə düşürmü? MTN-nin infrastrukturu necə olmalıdır ki, ölkənin, vətəndaşların, dövlətin konseptual təhlükəsizliyi təmin olunsun.

Vətəndaşların etimadı olmayan təhlükəsizlik orqanı heç bir zaman qarşısında duran qanuni vəzifələri həyata keçirə bilməz. Ümumiyyətlə MTN orqanlarının fəaliyyətinin qurulmasında qərb dövlətlərinin təcrübəsindən geniş istifadə olunmalıdır.

Ərəstun Oruclu: Milli Təhlükəsizlik Nazirliyi ilk növbədə daxildən və xaricdən ölkənin təhlükəsizliyinə təhdid olan amillərə qarşı mübarizə aparmalıdır. Bütün sadaladığım qanunsuz əməllər olmayacağı halda vətəndaşların etimadını qazana bilər ki, bu da son dərəcədə önəmli bir məsələdir. Vətəndaşların etimadı olmayan təhlükəsizlik orqanı heç bir zaman qarşısında duran qanuni vəzifələri həyata keçirə bilməz. Ümumiyyətlə MTN orqanlarının fəaliyyətinin qurulmasında qərb dövlətlərinin təcrübəsindən geniş istifadə olunmalıdır. Əlbəttə Azərbaycanla ABŞ-ın, Böyük Britaniyanın, Almaniyanın miqyası eyni deyil, təbii ki milli təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələr də eyni deyil. Amma öyrənmək lazımdır ki, məsələn Milli Təhlükəsizlik Agentliyi və ya Mərkəzi Kəşfiyyat İdarəısi və ya Federal Təhqiqatlar Bürosu kimi nəhəng xüsusi xidmət orqanları Amerika dövlətini, onun nazirliklərini, digər qurumlarını nəzarətə almağı heç düşünmürlər. Bunun qarşısını alan mexanizmlər nədən ibarətdir. Senatın nəzarəti, təbii ki, ictimai nəzarət, media nəzarəti. Bunların hamısı son dərəcədə önəmlidir. Digər bir məsələ təbii ki, analitik işin qurulmasıdır. Məsələn, ABŞ-ın və yaxud Almaniyanın, Böyük Britaniyanın, İsrailin xüsusi xidmət orqanları universitetlərlə, elm ocaqları ilə yaxından əməkdaşlıq edir. Onlar bütün elmi-texniki yenilikləri mənimsəyirlər. Həmin sahələrdə təhlükəsizliyin təmin edilməsi üzrə konsepsiyalar hazırlayırlar. Onlar alimlərə, elm xadimlərinə, intellektuallara bir məlumat mənbəyi, agent kimi yanaşmırlar, tərəfdaş kimi yanaşırlar. Sıradan vətəndaşlardan tutmuş alimlərə qədər, böyük biznes nümayəndələrinə qədər təhlükəsizlik orqanları tərəfdaş münasibətləri qururlar. Bu münasibətlər olmayacaqsa etimad olmayacaq, etimad olmayacaqsa informasiya olmayacaq, informasiya olmayacaqsa deməli, təhlükəsizliyin təmin olunması mümkün olmayacaq. Bu konseptual məsələlər xüsusilə önə çəkilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG