Accessibility links

Erkin Qədirli: Bu, sistem problemidir, vəzifəli şəxsləri dəyişmək problemin çözülməsi deyil


Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin üzvü Erkin Qədirli Amerikanın Səsinə müsahibəsində Avropa Şurası ilə münasibətlərə yeni baxış, siyasi məhbus problemi, korrupsiya və seçkilərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanın Avropa Şurası ilə əlaqələrinin perspektivlərini necə görürsünüz? Azərbaycan dövlət başçısının bu qurumu tənqidindən sonra Ali Məhkəmə Avropa Məhkəməsinin ReAl Partiyasının lideri ilə bağlı qərarlarını yerinə yetirib. Bunu əməkdaşlığın dərinləşdirilməsi üçün başlanğıc kimi qəbul etmək olarmı?

Ola bilsin, münasibətlərin keyfiyyəti yaxşılığa doğru dəyişəcək.

Erkin Qədirli: Güman ki, olar. Yəni, Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı qərarı çox mühüm bir qərar sayıla bilər. Bu bəraət olduğuna görə önəmli bir presedentdir. Bu işlər həm də Avropa Şurasında mühümdür. Ona görə ki, bu şəxslər Avropa Şurasında işi 18-ci maddə (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri-red) ilə udublar. Ölkəmizin içərisində də, görünür, şərait yetişib, münasibət dəyişib. Ona görə Ali Məhkəmənin bu qərarı mümkün ola bilib. Odur ki, indi Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yeni nümayəndə heyəti formalaşıb. Yaxın zamanda Strasburqda baxılıb təsdiqi ilə bağlı qərar veriləcək. Güman edirəm ki, yenilənmə var. Hər halda yumşalma hiss olunur. Mən, ən azından belə görürəm. Hesab edirəm ki, ola bilsin, o münasibətlərin keyfiyyəti də yaxşılığa doğru dəyişəcək.

Erkin Qədirli: Bu, sistem problemidir, vəzifəli şəxsləri dəyişmək problemin çözülməsi deyil
please wait

No media source currently available

0:00 0:09:03 0:00

Amerikanın Səsi: Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri var. Öhdəliklərdən biri də bu gün daha çox müzakirə mövzusu olan siyasi məhbus problemidir. Azərbaycan illərdir bu problemi hansı səbəbdən həll etmir? Siz, problemin həllini necə görürsünüz?

Ali Məhkəmənin son qərarını yeni yolun açılışı kimi görürəm. Hesab edirəm ki, siyasi məhbus məsələsi Azərbyacan üçün artıq daşına biləcək yük deyil. O səhifəni sıfırlamaq lazımdır.

Erkin Qədirli: Səbəblər haqqında danışsaq çox uzun alınacaq. Mən hesab edirəm ki, artıq o səhifə sıfırlanmalıdır. Ona görə də İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı qəbul olunan qərar yeni bir yolun açılışı kimi dəyərləndirilə bilər. Mən belə görürəm. Hesab edirəm ki, bu qərardan sonra digər, vaxtı ilə məhkum olunmuş, 18-ci maddə ilə qərarları çıxan vətəndaşlarımızla bağlı da oxşar qərarlar olacaq. Bu isə əlbəttə ki, siyasi məhbus məsələsinin, o problemin önəmli dərəcədə çözülməsinə yeni fürsət açacaq. Təkrar edirəm, əks halda bu qərarın mənasını görmürəm. Çünki, mən Ali Məhkəmənin son qərarını yeni yolun açılışı kimi görürəm. Hesab edirəm ki, siyasi məhbus məsələsi Azərbaycan üçün artıq daşına biləcək yük deyil. O səhifəni sıfırlamaq lazımdır. Avropa Şurasında da gözlənti budur. Ölkəmizin içində də, biz cəmiyyət olaraq, hamımız bunu gözləyirik. Yəni, mən nikbin baxıram. Görək necə olacaq?

Amerikanın Səsi: Avropa Şurası Parlament Assambleyasının çirkli pullarla bağlı sənədi var. Həmin sənəddə Azərbaycanın bir sıra şəxslərinin və qurumlarının da adı sadalanır. Sizcə Azərbaycan hüquq-mühafizə orqanları hansı səbəbdən bu sahədə araşdırmalar aparmır?

Mən, o suala cavab verəcək adam deyiləm. Bunu hüquq-mühafizə orqanlarından soruşsanız daha yaxşı olar

Erkin Qədirli: Mən o suala cavab verəcək adam deyiləm. Bunu hüquq-mühafizə orqanlarından soruşsanız daha yaxşı olar. Çünki sualda vurğu onun üzərinə gətirilir. Mən hüquq-mühafizə orqanlarının nümayəndəsi deyiləm, nə də heç vaxt çalışmamışam. Ayrıca o, korrupsiya işləri indi necə, nə qədər hallandırılıbsa, fakt faktlığında qalır ki, bu Azərbaycanın nümayəndə heyətinin Avropa Şurasında fəaliyyətinə mane olmur, onu əngəlləmir. Nümayəndə heyəti olduğu kimi çalışır və bu günə qədər çalışıb. İstənilən halda mənim cavablandıra biləcəyim bir sual deyil.

Erkin Qədirli
Erkin Qədirli

Amerikanın Səsi: Amma hər halda Azərbaycan hökuməti, Azərbaycan parlamenti korrupsiyaya qarşı mübarizəni özü üçün prioritet hesab edir. Bununla bağlı bəyanatları da var. Siz bir deputat kimi necə hesab edirsiniz?

Korrupsiya ilə mübarizə korrupsionerlərlə mübraizə anlamını daşımamalıdır. Bu sistem problemidir. O sistemin köklərini araşdırıb çözmək gərəkdir.

Erkin Qədirli: Bütün parlamentin yerinə bir söz deyə bilmərəm. Korrupsiya ilə mübarizə ifadəsindən heç xoşum gəlmir. Mübarizə sözündən nə qədər bacarırıq, o qədər az istifadə etməliyik. Korrupsiya ilə mübarizə korrupsionerlərlə mübarizə anlamını daşımamalıdır. Bu sistem problemidir. O sistemin köklərini araşdırıb çözmək gərəkdir. Çünki, əgər belə bir gözlənti var ki, korrupsionerləri çıxarıb, onların yerinə təmiz adamları gətirib, bununla da korrupsiyanın qarşısını almaq olar. Bu mümkün deyil. Çünki korrupsiyanı doğuran sistemdir. O sistemi dəyimək lazımdır. İndi bəzi önəmli dəyişikliklər edilib. Bəziləri edilməkdədir. Cəmiyyət olaraq hamımız daha köklü islahatlar gözləyirik. Odur ki, görək, hələlik mən bundan artıq heç nə deyə bilmərəm.

Amerikanın Səsi: Deputat kimi bu məsələni parlamentdə qaldıra bilərsinizmi? Çünki həmin sənəddə konkret olaraq şəxslərin, bankların adı çəkilir.

Erkin Qədirli: Hansı sənəddə?

Amerikanın Səsi: Avropa Şurasının qəbul etdiyi sənəddə. Çünki Avropa Şurasının bir sıra deputatları da bununla bağlı parlamentdən kənarlaşdırılıb. Hətta İtaliya prokurorluğunda bununla bağlı cinayət işi var.

İndi, əlbəttə ki, parlamentin hökumətə nəzarət funksiyası da var. Amma, o funksiya hələ doğru-dürüst çalışmır.

Erkin Qədirli: İndi belə deyək. Yenə də gəlirik o məsələyə. Əgər cinayət işidirsə, bunu gərək hüquq-mühafizə orqanlarına sual verəsiniz. Mən istənilən halda o suala cavab verəcək adam deyiləm. O ki, qaldı parlamentdəki korrupsiya ilə bağlı işlərə, o qanunvericilik səviyyətində görüləcək işlərdir. İndi əlbəttə ki, parlamentin hökumətə nəzarət funksiyası da var. Amma o funksiya hələ doğru-dürüst çalışmır. O iş düzgün qurulmayıb. Mən bunu hər yerdə deyirəm. Çalışmaq lazımdır. Yavaş-yavaş o imkanı çalışdırmaq lazımdır. Mən indidən nəsə konkret bir söz deyə bilmərəm. Hesab edirəm ki, problem şəxslərdə deyil. Konkret insanların üzərinə vurğunu qoymaq düzgün deyil. Bu bir sistem problemidir. Heç kəs düşünməsin ki, vəzifəli şəxsləri dəyişməklə problem çözüləcək.

Amerikanın Səsi: Avropa Şurasının Venesiya komissiyası Azərbaycanda seçkilərlə bağlı bir sıra tövsiyələr verib. Siz də seçkilərdə iştirak etdiniz və tənqidi fikirləriniz var. Fikrinizcə Azərbaycanda seçki islahatları ilə bağlı nələr edilməlidir?

Bu icra hakimiyyəti başçılarının həbsləri, indi adı qoyulur rüşvət, korrupsiya, filan, bu həm də post-seçki kontekstində görülməlidir. Çünki bir çox işlər yerlərdə sabotaj olundu.

Erkin Qədirli: Sadəcə olaraq səslər düzgün sayılmalıdır. Hətta indiki qanunla düzgün seçki keçirmək olar. Mən hesab etmirəm ki, seçki komissiyalarının tərkibi dəyişilsə, bir tək buna görə önəmli dəyişiklik olacaq. Yəni seçki komissiyalarının, xüsusilə məntəqə seçki komissiyalarının formalaşması ilə bağl mən önəmli saydığım məsələ, müəllimlərin oradan uzaqlaşdırılmasıdır. Müəllimlər məntəqə seçki komissiyalarında olmamalıdır. Bunun çox uzun izahı ola bilər. Çünki bölgələrdə məktəblərin icra hakimiyyətindən asılılığı çox böyükdür. Ona görə də müəllimlər məntəqə seçki komissiyasında çalışdırılanda onların yerli icra hakimiyyətindən asılılığı işə düşür. Ona görə onlar hətta Mərkəzi Seçki Komissiyasından daha çox icra hakimiyyətindən asılı olurlar. Odur ki, son seçkilərdə bu çox aydın göründü. Mənə belə gəlir ki, bu icra hakimiyyəti başçılarının həbsləri, indi adı qoyulur rüşvət, korrupsiya, filan, bu həm də post-seçki kontekstində görülməlidir. Çünki bir çox işlər yerlərdə sabotaj olundu. Mən belə anlayıram. İndi karantin rejimi də göstərdi ki, bir çox işləri onlayn görmək olar. Gələcəkdə seçkini də elektron formata keçirmək olar. Nümunələri də var. Bu sistem çox ölkədə işləyir. Elə olan halda təbii ki, məntəqə seçki komissiyaları, filanlar gərəksiz olacaq. Ona görə sistemi dəyişmək üçün fürsətlər var. Sadəcə onu işə salmaq lazımdır.

XS
SM
MD
LG