Accessibility links

Ermənistanın xarici işlər naziri istefa verib


Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan (arxiv fotosu)

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bazar ertəsi istefa verib. Bu barədə məlumatı nazirliyin sözçüsü Facebook sosial şəbəkəsində açıqlamasında bildirib. Mnatsakanyanın istefası Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılıqdan sonra ölkədə siyasi parçalanmaya işarə kimi qiymətləndirilir.

Mnatsakanyan xarici işlər naziri vəzifəsində 2018-ci ilin may ayından bəri çalışıb.

Baş nazir Nikol Paşinyanın hökuməti altı həftə davam edən döyüşlərə son qoyan razılaşma ilə əlaqədar ictimaiyyətin qəzəbi ilə qarşılaşıb. Keçən həftə minlərlə etirazçı onun istefasını tələb edib.

Bazar ertəsi yüzlərlə etirazçı paytaxt Yerevanın mərkəzindəki Azadlıq Meydanında mitinq keçirib.

Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən noyabrın 10-da imzalanan razılıq nəticəsində Dağlıq Qarabağ və ətrafdakı ərazilərdə hərbi əməliyyatlar dayandırılıb. Razılığa əsasən, Rusiyanın bölgəyə təxminən 2000 sülhməramlı əsgəri yerləşdirilir.

Razılaşmanın şərtlərinə görə, Azərbaycan hərbi əməliyyatlar nəticəsində geri qaytardığı ərazilər və Şuşa şəhərinin nəzarətini saxlayır, Ermənistan silahlı qüvvələri isə dekabrın 1-nə qədər Dağlıq Qarabağ ətrafındakı digər rayonlardan çıxır.

Mnatsakanyan atəşkəsə nail olmaq məqsədilə son bir ay yarım ərzində Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla üç dəfə görüşüb, lakin bu cəhdlər nəticə verməyib.

Paşinyan bazar ertəsi günü bildirib ki, Ermənistanın Şuşa ilə yanaşı Dağlıq Qarabağı əhatə edən yeddi bölgəyə nəzarəti könüllü olaraq qaytardığı halda müharibənin qarşısını almaq mümkün ola bilərdi. "Lakin biz müharibə çağırışını qəbul etdik", o, mətbuat konfransında deyib.

Bundan bir qədər sonra Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan Facebook səhifəsində Şuşanın qaytarılmasının tərəflər arasında danışıqların heç bir mərhələsində gündəmdə olmadığını yazıb.

Paşinyan Dağlıq Qarabağı Ermənistan ilə birləşdirən Laçın bölgəsindən keçən yolun bazar ertəsi günü açılacağını və anklavın köçkün sakinlərinin bir çoxunun evlərinə qayıtdığını bildirib.

Kremlin bildirdiyinə görə, bazar ertəsi günü Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla Dağlıq Qarabağda vəziyyəti müzakirə etmək üçün telefon söhbəti aparıb.

Hər iki lider Cənubi Qafqaz bölgəsində vəziyyətin ümumən sabitləşdiyini və qaçqınların qaytarılması, xristian kilsələri və monastırlarının qorunması da daxil olmaqla, humanitar məsələlərin həll olunmasının vaxtının gəldiyini qeyd edib.

Şərhlərə bax

XS
SM
MD
LG