Accessibility links

Ermənistan 97 min minanın xəritəsini Azərbaycana təqdim edib, Azərbaycan 15 nəfər saxlanılan şəxsi Ermənistana təhvil verib


Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat yayıb.

“Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan Hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik,” Xarici İşlər Nazirliyi qeyd edir.

Rusiya xəbər agentliklərinin verdiyi məlumata görə, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iyunun 12-də mübadilə faktını təsdiqləyib. Verilən məlumatlara əsasən, baş nazir Paşinyan Azərbaycanda saxlanılan 15 əsirin ölkəyə qaytarıldığını bildirib.

"Azərbaycan və Ermənistanın paralel humanitar jestlərini - məhbusların sərbəst buraxılmasını və minalanmış ərazilərin xəritələrini alqışlayıram" - deyə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Twitter səhifəsində bildirib. O, atılan addımların etibarın bərpa edilməsi istiqamətində ilk addımlar olduğunu və Avropa İttifaqının bu prosesi dəstəklədiyini və irəliliyişi sürətləndirmək üçün yardım təklif etməyə davam edəcəyini qeyd edib.

Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da döyüşlərin dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatdan sonra mina partlayışı nəticəsində Azərbaycanın 24 vətəndaşı həlak olub, yüzdən çox insan yaralanıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz minlərlə mina var.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG