Accessibility links

Ermənistan-Azərbaycan sərhədində qarşıdurma - Azərbaycan 2 hərbçisini itirdi, 5 hərbçi yaralandı


İyulun 12-də Tovuz rayonu istiqamətində (Bakıdan 440 kilometr qərb) gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri iki əsgərini itirib, beş nəfər yaralanıb

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələri artilleriya atəşlərindən istifadə edir.

“Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib,” Azərbaycan tərəfi bildirib.

Rəsmi Yerevan toqquşmalara görə Azərbaycan tərəfini günahlandırır.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib ki, Azərbaycan əsgərləri UAZ markalı maşınla sərhədi keçməyə cəhd göstərdikdən sonra ermənilər xəbərdarlıq atəşi açaraq həmin əsgərləri maşını tərk etməyə məcbur ediblər.

Stepanyan bir saat sonra Azərbaycan qoşunlarının ikinci dəfə sərhədi keçməyə cəhd etdiklərini bildirib. Bu dəfə onların artilleriya atəşindən istifadə etdikləri deyilir.

Stepanyan baş verən toqquşmada erməni tərəfdən heç bir itki olmadığını bildirib.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2019-cu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri, xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG