Accessibility links

Ermənistan baş naziri çevriliş cəhdi barədə xəbərdarlıq edir, sakitliyə çağırır


Ermənistanda bir qrup ordu zabiti baş nazirin istefasına çağıran məktub yazandan sonra Nikol Paşinyan “hərbi çevriliş cəhdi”ni pisləyib və əsgərləri “işlərini görməyə” və ölkəni müdafiə etməyə çağırıb.

Fevralın 25-də Yerevanın Respublika Meydanında 20,000 tərəfdarı önündə çıxış edən Paşinyan deyib ki, ermənilər orduya ölkəni ələ keçirməyə imkan verməzlər.

Yerevan küçələrində yürüş keçirəndən sonra çox sayda mühafizəçi tərəfindən qorunan Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının onun və onun hökumətinin istefasına çağıran məktubuna cavab verib. O, bu çağırışın Baş qərargah rəisinin birinci müavininin “uzağı görməyən səbəblərdən” işdən çıxarılmasına qarşı “qətiyyətli etiraz” olduğunu deyib.

Paşinyanın noyabr ayında Azərbaycanla Dağlıq Qarabağ üzərində gedən altı həftəlik müharibəyə son qoymaq üçün Rusiyanın vasitəçiliyi ilə sülh bəyanatı imzalamasından bəri Ermənistanda onun istefasına çağırış edən etirazlar keçirilib.

Razılışmaya əsasən Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti özünə qaytarıb.

Paşinyan razılığı Azərbaycanın əlavə hərbi irəliləyişlər etməsinin qarşısını almaq üçün zəruri olduğunu deyərək müdafiə edib.

“Vəziyyət gərgindir, amma biz razılaşmalıyıq ki, toqquşmalara yol vermək olmaz”,– meqafonla danışan Paşinyan deyib.

Bundan bir müddət öncə isə Paşinyan Silahlı Qüvvələrin Baş qərargahının rəisi Onik Qasparyanı da vəzifəsindən azad edib.

Ölkədə simvolik rolu olan Prezident Armen Sarkisyan deyib ki, o, böhranı aradan qaldırmaq məqsədilə təcili tədbirlər görür. O, tərəfləri “təmkin və sağlam düşüncə göstərməyə” çağırıb.

Rusiya və Türkiyə Yerevanda baş verən hadisələrə münasibət bildiriblər.

Kreml Ermənistandakı hadisələrə görə narahatlığını ifadə edib. Moskva tərəfləri gücdən istifadə etməməyə çağırıb.

Türkiyə və Ermənistan arasında münasibətlərin tarixən mürəkkəb olmasına baxmayaraq, Ankara Paşinyanın demokratik yolla seçilmiş hökumətini dəstəklədiyini bildirib.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu qonşu Ermənistanda, onun sözlərilə, çevriliş cəhdini “qətiyyətlə pisləyib.”

Ermənistan ordusunun onlarla zabitinin imzaladığı məktubda bildirilib ki, “Ermənistan Respublikasının baş naziri, hökumət bu kritik vəziyyətdə artıq Ermənistan xalqı üçün adekvat qərarlar verə bilməyəcək.”

Silahlı qüvvələrin bu bəyanatı dəstəkləmək üçün gücdən istifadə edib-etməyəcəkləri məlum deyil.

Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə “Biz Ermənistanda vəziyyətin inkişafını narahatlıqla izləyirik. Biz, təbii ki, sakitliyə çağırırıq” deyib.

Ermənistanın yüksək rütbəli ordu rəsmilərinin Nikol Paşinyanın və onun hökumətinin istefasına çağırmasından sonra baş nazir cümə axşamı ölkədə çevriliş cəhdinin olduğu barədə xəbərdarlıq edib.

Silahlı Qüvvələrin Baş Qərargahının istefa tələbi Paşinyanın bu həftənin əvvəlində Baş qərargah rəisinin müavinini işdən çıxarmasından sonraya təsadüf edib.

Paşinyan və müxalifət qrupları tərəfdarlarını Ermənistanın paytaxtında toplaşmağa çağırıb.

XS
SM
MD
LG