Accessibility links

Ermənistan Milli Təhlükəsizlik Xidməti: "Paylaşımdan sonra bu yalan məlumat Azərbaycan və İran mediasında geniş yayılıb"


Ermənistanda saxta xəbər müəllifi həbs olunub. Saxta xəbərlərin müəllifi Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ prezidenti Donald Trampı İranın generalı Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar təbrik etdiyini iddia etmişdi.

Facebook-da Diana Harutyunyanın adına saxta səhifənin müəllifi Ermənistan Cinayət Məcəlləsinin "Kütləvi informasiya vasitələrindən istifadə edərək, irqi, dini və ya milli nifrət oyatmaq" maddəsi ilə ittiham olunur. Ona qarşı həbs qətimkan tədbiri seçilib" - deyə, Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bildirib.

Sözügedən yazı yanvarın 3-də "Diana Harutyunyan" Facebook səhifəsində yazılıb. Yazıda guya Paşinyan ABŞ prezidentini yüksək rütbəli İran hərbçisinə qarşı uğurlu əməliyyatla bağlı təbrik etdiyi iddia edilib.

"Paylaşımdan sonra bu yalan məlumat Azərbaycan və İran mediasında geniş yayılıb" - deyə, Ermənistan Milli Təhlükəsizlik Xidməti məsələyə münasibət bildirib.

Rəsmi Yerevan həm ABŞ, həm də İran ilə sıx əlaqə saxlayır. Paşinyan sosial şəbəkələrdə rəsmi səhifəsində Trampı Süleymaninin öldürülməsi münasibətilə təbrik etdiyini təkzib edib və ABŞ-la İranı təmkin göstərməyə çağırıb.

İranın nüfuzlu rəsmilərindən biri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun elit bölməsinin komandiri general-mayor Qasım Süleymani yanvarın 3-nə keçən gecə ABŞ-ın xüsusi əməliyyatı zamanı İraqda Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında öldürülüb.

XS
SM
MD
LG