Accessibility links

Ermənistan xarici işlər nazirinin Dağlıq Qarabağa səfəri Azərbaycanın etirazına səbəb olub


Ermənistanın Xarici İşlər Naziri Ara Ayvazyanın Dağlıq Qarabağa səfər etməsini rəsmi Bakı 10 noyabr razılaşmasının pozulması kimi qiymətləndirib.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Ayvazyan Dağlıq Qarabağda səfərdədir.

"Bu gün Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Artsaxa (Dağlıq Qarabağ) işgüzar səfəri başlayıb. Ermənistan və Qarabağ xarici işlər nazirləri Ara Ayvazyan və David Babayan iki xarici işlər nazirliyi arasında 2021-ci il üçün məsləhətləşmə proqramı imzalayıb," Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan öz Facebook səhifəsində yazıb.

Yanvarın 3-də Ermənistan Baş Naziri Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanda keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasında özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran tanınmamış qurumun lideri Arayik Harutyunyan da iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinə "qanunsuz səfəri, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir və hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə qətiyyən uyğun gəlmir".

“Xatırladırıq ki, məhz Ermənistanın baş naziri 10 noyabr tarixli Bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin rəsmi Yerevan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir. Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidir. 10 noyabr tarixli birgə Bəyanatın icrasının təmin olunması və bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də əməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyil,” nazirliyin rəsmisi qeyd edib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və bu, 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

2021-ci ilin yanvarında Ağdam şəhərində Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlayacağı bildirilir.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG