Accessibility links

Ermənistana Kəlbəcər rayonunu boşaltmaq üçün noyabrın 25-dək vaxt verilib


Kəlbəcər rayonunun tam boşaldılması üçün Ermənistana noyabrın 25-dək vaxt verilib. Bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə bildirib.

Azərbaycanın Prezidenti İlham Əliyevin, Ermənistanın Baş Naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları birgə bəyanatın 6-cı bəndinə əsasən Kəlbəcər rayonu bu gün, noyabrın 15-dək Azərbaycana qaytarılmalı idi.

Hacıyevin sözlərinə görə, Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib.

“Bəyanatın tələblərindən biri ermənilərin noyabrın 15-dək Kəlbəcərdən çxarılması idi. Lakin Ermənistan tərəfi Rusiya vasitəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur,” o, qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin noyabrın 20-də Ağdamdan, dekabrın 1-dək isə Laçından çıxarılması nəzərdə tutulur.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov deyib ki, Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılmış əhalinin çıxarılmasına paralel olaraq, oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri və qüvvələri rayon ərazisinə hərəkət etmək üçün tam hazır vəziyyətdədir.

“Azərbaycan Ordusunun mühəndis qoşunları tərəfindən Kəlbəcərə bitişik olan və bu günədək ordumuzun nəzarətindəki ərazilər minalardan təmizlənib. Kəlbəcər rayonunun ərazisinə və əvvəlcədən müəyyənləşdirilmiş post və məntəqələrə hərəkət əsasən iki istiqamətdən - Göygöl və Daşkəsəndən həyata keçiriləcək. Kəlbəcərə daxil olacaq qüvvələrimiz, ilk növbədə, Azərbaycan-Ermənistan dövlət sərhədi və Qarabağ ərazisində sülhməramlılar tərəfindən yaradılmış nəzarət məntəqələri boyunca yerləşdiriləcək,” Mahmudov bildirib.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də erməni silahlı qüvvələrinin nəzarətinə keçib. Rəsmi statistikaya görə rayonun 53,340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərin 77,000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

Kəlbəcərin ermənilərin nəzarətinə keçməsindən sonra 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib.

“BMT Təhlükəsizlik Şurası böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək, regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək, həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək, silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq, möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir,” qətnamədə qeyd edilir.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb. Rayonun ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla, 147 yaşayış məntəqəsi yerləşir. Kəlbəcər respublikada ərazisinə görə ən böyük rayondur, ərazisi 3054 kvadrat kilometrdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG