Accessibility links

Ermənistanda bakirəlik testi - “Qırmızı alma” ənənəsi


Ermənistanda hələ də çox qədim toy ənənələri müşahidə olunmaqdadır. Ancaq onların arasında ən çox mübahisəyə səbəb olan bir ənənə var. Bu, "qırmızı alma" adlanır və toy gecəsinin səhəri keçirilir. Bəyin yaxınları gəlinin bakirə olub olmadığını yoxlamalıdırlar. Mələfədəki qan izləri gəlinin "ismətinin" təsdiqlənməsi anlamına gəlir.

"Bu, çox alçaldıcıdır. Yeni bir ailəyə gələn bir qız kimi, belə bir şeydən keçmək çox alçadıcı idi" - deyə, Armina bildirib.

O, iki ildir evlidir, amma yenə də "qırmızı alma" mərasimini dəhşətlə xatırlayır. İndi Armina hamiləliyinin doqquzuncu ayındadır. Bir oğul sahibi olacaq və gələcəyin qayınanası olaraq bu ənənəyə əməl etmək niyyətində deyil. "Bu daha çox ona görə edilir ki, qonşular və qohumlar qeybət etməyə başlamasınlar. Tamamilə mənasız bir ənənədir" - deyə, o əlavə edib.

`Bakirəlik institutu`

Bunun dəhşətli bir ənənə olduğunu deyən Akop bir neçə ildir evlidir. Onun hekayəsi Ermənistan üçün o qədər də ənənəvi deyil. Çünki nikahdan öncə gələcək həyat yoldaşı ilə cinsi əlaqədə olub. Ermənistanda hələ də qızın nikahdan əvvəl kiminləsə cinsi əlaqədə olmağı qəbuledilməzdir və bu, biabırçılıq hesab olunur.

Akop deyir ki, Ermənistanda `bakirəlik institutu` hələ də vacibdir. Onun sözlərinə görə, qürurlu kişilər üçün qızın ondan əvvəl başqası ilə münasibətdə olması birbaşa qəbuledilməzdir. O bildirir ki, hətta bir çox oğlan üçün qızın ondan əvvəl kiminləsə sadəcə görüşməyi belə problemdir.

Yerevanda "qırmızı alma" ənənəsi gücünü itirib. Bölgələrdə isə vəziyyət fərqlidir.

"Qırmızı alma" ənənəsinə görə, səbətə mələfədəki qan izlərini rəmziləşdirən qırmızı alma, konyak, şirniyyat və meyvələr qoyulur. Bəyin qadınlardan ibarət yaxınları - səbəti gəlinin evinə aparırlar. Kişilər isə bu işdə iştirak etmirlər.

Yerevanda oxuyub, sonra orada yaşamağa davam edən Sarkis doğma rayonunda toy etdikdən sonra nələrin baş verdiyini danışıb. Günortaya qədər bütün qonşuların, eləcə də xalalarının və bacılarının onun evinə toplaşdığını deyən Sarkis anasını tanıyan bütün qadınların dəvət olunduğunu qeyd edib. Bu, onlar üçün oğlunun seçdiyi qızın bakirəliyi ilə öyünmək fürsəti idi. Oğlan tərəfi isə sonradan səbəti qız evinə aparır və buna bənzər yığıncaq orda da baş tutur.

Sarkis sözügedən ənənəni mənasız adlandırır və deyir: "Əgər cütlük bir-birini sevirsə və hörmət edirsə, qalanları toydan əvvəl cinsi əlaqədə olub-olmamaları ilə maraqlanmamalıdır. Toy şəhərdə olsaydı, valideynlərimiz yalnız telefonla danışardılar və telefonda hər şeyi müzakirə edərdilər. Ancaq hər şey kənddə baş verdiyindən hamı “nəticə”ni gözləyir. “Nəticə” elan olunmasa, bu, dedi-qodu üçün bir səbəb olacaq".

Nikahdan əvvəl seks: qarşı olanlar və qəbul edənlər

Akop sevdiyi qızla sadəcə evlənmədən birlikdə yaşamaq istəyirdi. Lakin qızın valideynləri buna qarşı idi. O deyir ki, oğlan olduğu üçün ona daha asan idi. Bir qız üçün isə bu çox çətindir. O bildirir ki, valideynlər nə qədər proqressiv olsa da, mühafizəkar cəmiyyətdə yaşayırlar. Belə olanda da, başqa problemlərin qarşısını almaq üçün cütlük münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.

Ermənistanda nikahsız qadın-kişi münasibətlərini dəstəkləyənlərin sayı o qədər çox deyil. Xüsusilə bölgələrdən olan bir çox kişilər üçün toydan əvvəl cinsi əlaqədə olan bir qız tamamilə qəbuledilməzdir. 29 yaşlı Artyom da bu cür düşünür: "Mən belə bir qızı evə gətirmək istəməzdim"

Narek isə fərqli fikrə malikdir: "Kimsə toydan əvvəl cinsi əlaqədə olubsa, bu qızın korlanması demək deyil, bu, ayıb deyil". Buna baxmayaraq, Narek qızlarını erməni adət-ənənələrinə uyğun olaraq tərbiyə etməyi planlaşdırır.

“Qırmızı alma” yoxdursa...

Ginekoloqlar deyirlər ki, ilk dəfə cinsi əlaqədər olan qadınların 30 faizində qan izi müşahidə olunmur. Bu, qızlıq pərdəsinin fiziologiyası ilə əlaqədardır. Ancaq ənənə mələfədə qan ləkəsi tələb edir.

Ermənistanda ilk toy gecəsində mələfə qansız olduğu üçün gəlinin valideynlərinin evinə qaytarılması kimi hallar baş verib. Belə hal ilə qarşılaşan və xəstəxanada tibb bacısı kimi çalışan Karina bu haqda danışır: "Palatada dəhşətli qışqırıq var idi. Sonradan məlum oldu ki, gənc qız toy gecəsindən sonra niyə qanın görünmədiyini aydınlaşdırmaq üçün ginekoloqa müayinə üçün gətirilib". Bu qız onun qohumu idi. Qız həyat yoldaşı, qayınanası və baldızı ilə birlikdə xəstəxanaya gəlmişdi. Yeni qohumlar qızı elə dəhlizdəcə "tərbiyəsizlikdə" günahlandırırdı.

"Sonradan bildim ki, bütün problem qızlıq pərdəsinin anatomik quruluşundadır. Ancaq gənc ailənin münasibətləri artıq pozulmuşdu. Ginekoloqun ofisindən çıxan qız dəhlizdə ərini vuraraq qohumlarına onları tərk etdiyini bildirdi. İndi o, xoşbəxtdir – artıq ikinci dəfə evlənib. Oğlan və ailəsi ilə bağlı o vaxtdan heç kim heç nə bilmir" – deyə, Karina xatırlayıb.

Ginekoloqlar və bakirəlik müraciətləri

Nikahdan əvvəl cinsi əlaqədə olan bəzi qızlar "ailəsini rüsvay etməmək" üçün himenoplastika (qızlıq pərdəsinin bərpası üçün əməliyyat) qərarına gəlirlər. Ermənistanda bu əməliyyat 100 ilə 400 dollar arasında ola bilər.

Ginekoloq Yelena Qevorkova özü bu əməliyyatı şəxsi prinsiplər əsasında həyata keçirmir: "Bu xəstəlik deyil. Mən bunu kapriz kimi qəbul edirəm".

Ancaq Qevorkova bildirir ki, belə müraciətlər çoxdur. Onun sözlərinə görə, yanına gələn on qızdan doqquzu "uşaq vaxtı velosipeddən yıxılaraq bakirəliyini itirməsi" ilə bağlı eyni əhvalatı danışır.

Qevorkova deyir ki, belə bir əməliyyat keçirmək qərarına gələn qızların üçdə biri tək gəlir. Təxminən üçdə biri hələ də anaları ilə gəlir. Ancaq həkim bəzi qızların sevgililəri ilə birlikdə gəldiyi halların da olduğunu vurğulayıb.

Tarixə qısa səyahət

Artıq 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində Ermənistanda bakirəliyin təsdiqlənməsi mərasimləri bir sıra dəyişikliyə məruz qalmışdı. Etnoqraf Qayane Şaqoyan "Yeddi gün, yeddi gecə" kitabında bu haqda yazırdı: "Ən çox keçririlən mərasim, qanlı mələfənin nümayişi idi".

Bu ənənə "qırmızı alma" adlanır. Tədqiqatçılar bunun məhsuldarlıq və həyatın başlanğıcı simvolu hesab olunan alma ilə əlaqələndirir. Alma suyu saflığı simvolizə edən ağ rəngdədir. Həm də burada ağ mələfədə qan izlərinə istinad var.

"1940-1950-ci illərdə Kafan şəhərində ritual dar çərçivədə reallaşırdı, çünki qızlar toydan əvvəl xəstəxanada yoxlanıla bilərdi. Belə olan halda da toya əlavə pul xərcləmək lazım olmurdu” deyə, Şaqoyan qeyd edir.

1960-cı illərdə Yerevan ziyalıları arasında "qırmızı alma" ənənəsi artıq müşahidə edilmirdi. Etnoqraf qeyd edir ki, qızın bakirəliyi məsələsi bir cütlüyün şəxsi işi hesab olunurdu. Bununla belə, 10 ildən sonra vəziyyət dəyişdi. Onun sözlərinə görə, kənd əhalisi daha çox paytaxta köçməyə başladı və ənənə yenidən gündəmə gəlməyə başladı.

Şərhlərə bax

XS
SM
MD
LG