Rəşt şəhərinin sakini və son günlər ərzində həbs edilən milli fəal Vədud Əsədi qısa telefon əlaqəsində Kəşfiyyat İdarəsinin təcridxanasında saxlandığına dair məlumat verib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Əsədi həbs edildiyi gündən bəri vəziyyəti və harada saxlanması ilə əlaqədar neçə gün xəbərsizlikdən sonra noyabrın 11-də ailəsi ilə qurduğu qısa telefon əlaqəsində Rəşt Şəhərindəki Kəşfiyyat İdarəsinin təcridxanasında olduğunu bildirib.
Vədud Əsədinin yaxınları Rəşt ədliyyəsinə müraciət etdikdən sonra fəalın işinin Rəşt Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsində olduğu ilə bağlı məlumat alıb.
Milli fəalın yaxınlarına məhkəmə tərəfindən verilən cavablara görə, fəalın müvəqqəti azadlığı üçün 170 milyon tümənlik girov istənilib, lakin Ümumi və İnqilab Prokurorluğu nəzarət altında saxlanılan Əsədinin istintaq prosesinin bitmədiyi üçün fəalın müvəqqəti olaraq azadlığa buraxılmasına izin verməyib.
Son günlər ərzində Ərdəbildə Vədud Əsədi və türk dil haqları fəalı siyasi məhbus Əlirza Fərşinin şəhər divarlarında azadlığını tələb edən məzmunlarla plakatlar yayılmışdı.
Əsədi oktyabr ayının 30-da təhlükəsizlik qüvvələri tərəfindən öz evində saxlanılıb. Təhlükəsizlik qüvvələri milli fəalı həbs etdikləri zaman onun evində axtarış aparıb, Vədud Əsədi və onun ailə üzvlərinin mobil telefonlarını müsadirə etmişdilər.
Əsədi daha öncə də İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, Rəşt şəhərində yaşayan digər türk fəallarla birgə İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqlərində iştirak etməklə əlaqədar məhkəməyə çağırılmışdı.
Keçmiş tələbə fəalı Əsədi daha öncə də Ərdəbildə təhsil aldığı zaman mədəni fəaliyyətlərindən dolayı saxlanılıb və mühakimə edilmişdi. O, qapadılmış “Səhər” tələbə jurnalının keçmiş baş yazarıdır.