Accessibility links

“Əsgər ölümünə son!” deyənlər 300-600 manat cərimələnib


"Əsgər ölümünə son!" aksiyası
"Əsgər ölümünə son!" aksiyası

Cərimələr orta əmək haqqından xeyli çoxdur və fəallar bunu ödəmək iqtidarında deyil. Prezident Əliyev ötən ilin sonlarında cərimələrin miqdarını onlarla dəfə artırılması barədə qanunu imzalayıb

Yanvarın 14-də Bakının Nəsimi və Səbail rayon məhkəmələri yanvarın 12-də “Əsgər ölümünə son!” şüarı ilə keçirilən aksiyalarda iştiraka görə fəalları böyük məbləğdə cərimə edib.

Məhkəmələr fəalları 300 manatdan 600 manatadək cərimələyib. Cərimə edilən fəalların əksəriyyəti Xalq Cəbhəsi, Müsavat partiyalarının, “Nida”, “Azad gənclik” hərəkatlarının və başqa gənclər təşkilatının üzvləridir.

Beynəlxalq hüquqda deyilir ki, bir şəxs icazəsiz etiraz aksiyasında iştirak edib zorakılığa yol verməyibsə, onun saxlanılması, cərimə olunması toplaşmaq azadlığının pozulması deməkdir. Buna görə saxlama, polisə aparma, məhkəməyə çıxarma və yüksək məbləğdə cərimə Azərbaycan hakimiyyətinin insan hüquqlarına riayət etməməsinin göstəricisidir.

Məhkəmələrin qərarı ilə Ülvi Həsənli, Türkel Azərtürk, Tural Abbaslı, Rəşad Həsənov və Renat Nəcəfov, Babək Həsənov 600 manat, Məhəmməd İbrahim, Həmid İsayev, Təzəxan Mirələmli, Turqut Qəmbər, Əbülfəz Qurbanlı, Vüsal Bayramov və daha bir neçə nəfər 500 manat, Arif Balayev 450, Zakir Rəhimov, Azər Kazımzadə, Sübhi Həsənov, Abil Hüseynov 400, Eltac Əlisoy və Rail Abbasov 300 manat cərimə olunub.

Fəalların hüquqlarının müdafiəsini əlaqələndirən Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev məhkəmələrin qərarlarını tənqid edib.

“Beynəlxalq hüquqda deyilir ki, bir şəxs icazəsiz etiraz aksiyasında iştirak edib zorakılığa yol verməyibsə, onun saxlanılması, cərimə olunması toplaşmaq azadlığının pozulması deməkdir.

Buna görə saxlama, polisə aparma, məhkəməyə çıxarma və yüksək məbləğdə cərimə Azərbaycan hakimiyyətinin insan hüquqlarına riayət etməməsinin göstəricisidir”, deyə İntiqam Əliyev Turan agentliyinə bildirib.

Digər tərəfdən, cəzalandırılan şəxslərin aylıq əmək haqlarından xeyli çox olan belə böyük cərimələrin tətbiqi hakimiyyətin yeni taktikasıdır.

“Həbslər lazımi effekt vermir, fəallar bundan qorxmur. Bundan başqa, həbslər rezonans doğurur. Hakimiyyət hesab edir ki, cərimə daha təsirli tədbir ola bilər”, deyə Əliyev bildirib.

Gənclər cərimə ödəməkdən imtina edərsə, onları nə gözləyir? Bu suala cavabda Əliyev deyib ki, nəzəri cəhətdən onlara qarşı cinayət işi açıla bilər. Lakin fəallar cərimələri ödəmək istəsələr də, buna imkanları çatmaz.

Cərimələr orta həyat səviyyəsinə adekvat deyil və apellyasiya şikayətlərində bu göstəriləcək, deyə Əliyev qeyd edib.

“Gənclər özləri cərimə ödəməkdən imtina ediblər və düşünmürəm ki, hakimiyyət buna görə onları həbsə atacaq. Digər tərəfdən, zərurət yarandığı halda cəmiyyət cərimələrin ödənilməsini öz üzərinə götürəcək və bu hakimiyyətə xalqın həm məhkəmələrlə, həm də hakimiyyətlə razı olmadığını və onları lənətlədiyini göstərən mesaj olacaq. Gənclər dinc etiraz aksiyasında zorakılıq tətbiq etdiyi üçün polisə qarşı əks iddialar hazırlayırlar. Hər bir proses öz-özlüyündə etiraz aksiyasına çevriləcək”, deyə Əliyev qeyd edib.

Xatırladaq ki, qanunsuz mitinqlərdə iştiraka görə cərimələrin dəfələrlə artırılması haqqında düzəlişləri president Əliyev ötən ilin payızında imzalayıb və 1 yanvar 2013-cü ildə qüvvəyə minib.

Cərimə olunanlardan biri “Azad gənclik” hərəkatının sədri Ülvi Həsənli bildirib ki, cəriməni ödəmək niyyətində deyil və apellyasiya şikayəti verəcək.

Digər cərimə olunan şəxs – AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı “hakimiyyəti biabır etmək və insanların mitinqlərdə iştirakdan qorxmaması üçün 5-10 qəpikdən pul yığaraq, cərimələri ödəmək olar”, deyə istehza edib.
XS
SM
MD
LG