Accessibility links

Eşton Karter İsraildə səfərdədir


ABŞ-ın Müdafiə naziri Eşton Karter və İsrailin Müdafiə naziri Moşe Yaalon
ABŞ-ın Müdafiə naziri Eşton Karter və İsrailin Müdafiə naziri Moşe Yaalon

ABŞ-ın müdafiə naziri Eşton Karter İranla nüvə razılaşmasından sonra ölkəsinin Yaxın Şərqdəki tərəfdaşlarla münasibətlərinin möhkəmləndirilməsi məqsədi ilə regiona etdiyi səfər zamanı Amerikanın bu regiondakı stretegiyasının formaslaşmasında İsrailin əsas zəmin olduğunu söyləyib.

İsrailli həmkarı Moşe Yaalon tərəfindən hərarətlə qarşılanan cənab Karterin rəsmi Tehranla əldə edilən razılaşmanı “tarixi yanlışlıq” adlandırmış baş nazir Benyamin Netanyahu ilə çərşənbə axşamı görüşü planlaşdırılıb.

İsraili ABŞ-ın dəstəyinə sadiq qaldığına əmin etməyə çalışan cənab Karter “regiondakı bütün çətinliklərə baxmayaraq, biz çox gözəl bilirik ki, İsraillə dostluq münasibətləri bizim maraqlarımızın və prinsiplərimizin ayrılmaz hissəsidir” deyib.

Buna baxmayaraq, Eşton Karter bu səfər zamanı İsrail liderlərini İranla əldə edilən nüvə razılaşmasına qarşı güzəştsiz mövqelərindən geri çəkilməyə inandıra biləcəyini gözləmədiyini deyib. Razılaşmaya əsasən Tehranın nüvə proqramına beynəlxalq monitorinq qrupu tərəfindən nəzarət ediləcək. Lakin İsrail rəhbərliyi bu razılaşmanın İranı nüvə silahı hazırlamaq istəyindən çəkindirəcəyinə inanmır.

İsrailə səfərindən sonra, ABŞ-ın müdafiə nazirinin İranın regiondakı əsas rəqibi olan Səudiyyə Ərəbistanına gedərək, Kral Salman və müdafiə naziri Məhəmməd bin Salmanla görüşləri planlaşdırılıb. Bu görüşlərdə müdafiə nazirinin sözlərinə görə, “İranın aqressiyası” və nüfuzu, eləcə də İslam Dövləti qrupu və regiondakı digər militantlar tərəfindən yayılan zorakı ekstremizm kimi məsələlər diqqət mərkəzində olacaq.

XS
SM
MD
LG