Accessibility links

Dövlət Komitəsi Kəlbəcərdə öldürülən və girov götürülən şəxslərlə bağlı məlumat yayıb


 Kəlbəcərdə öldürülən Həsən Həsənov
Kəlbəcərdə öldürülən Həsən Həsənov

İyulun 11-də Ermənistan mətbuatı Kəlbəcər rayonu ərazisində 3 azərbaycanlının girov götürüldüyü yazıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcərdə (Bakıdan 439 kilometr qərb) öldürülən Həsən Həsənov və girov götürülmüş şəxslərlə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bir neçə foto əldə edilib və həmin fotolarda girov götürülmüş şəxslərdən birinin ermənilər tərəfindən öldürüldüyü ehtimal olunan Həsən Həsənov olduğu bildirilib.

Bununla əlaqədar ailə üzvləri, qohumları həmin fotolarla tanış olub və həmin şəxsin Həsən Həsənov olduğu təsdiq edilib.

Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən cəsədin qaytarılması ilə bağlı danışıqlar aparılıb, lakin onlara bildiriblər ki, cəsədin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə köməkedici identifikasiya materiallarına ehtiyac var.

Dövlət Komitəsi onu da qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyevlə görüşün təşkil olunması və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı görülən işlər Azərbaycan prezidenti İlham Əliyevin nəzarətindədir.

İyulun 11-də Ermənistan mətbuatı işğal altında olan Kəlbəcər rayonu ərazisində 3 azərbaycanlının girov götürüldüyü barədə məlumat yayıb.

Ermənistan rəsmiləri həmin şəxslərin Azərbaycan ordusunun təxribatçıları olduğunu bəyan ediblər.

Amma Azərbaycanın Müdafiə Nazirliyi məlumatı təkzib edib və orduda belə şəxslərin xidmət etmədiyini bildirib.

Azərbaycan tərəfi həmin şəxslərin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan öz doğma yurdlarını, oradakı yaxınlarının məzarlarını ziyarət üçün getdiklərini bildirib.

XS
SM
MD
LG