Accessibility links

Estoniyada müxalif partiya parlament seçkilərinin qalibi oldu


Estoniyanın sağ-mərkəzçi İslahat Partiyası bazar günü keçirilən parlament seçkilərində ən çox səs qazanıb. Qalib siyasi qüvvə vəd verib ki, ifrat-sağçı populist partiyanı hökumət koalisiyasının formalaşdırılması danışıqlarına daxil etməyəcək.

Sabiq qanunverici Kaya Kallasın rəhbərlik etdiyi İslahat Partiyası səslərin 28.8 faizini qazanaraq, 101 nəfərlik parlamentdə 34 yerə sahib olub. Baş nazir Yuri Ratasın Mərkəz Partiyası isə səslərin 23.1 faizini qazanmağa müvəffəq olub.

2005-ci ildən 2016-cı ilə qədər baş nazir postuna nəzarəti saxlayan İslahat Partiyası bazar günü seçkilərində qalib gəlsə də, hökuməti təkbaşına qurmaq üçün lazım olan səs üstünlüyü əldə edə bilməyib. Beləliklə, partiya digər siyasi qüvvələrlə koalisiya qurmalı olacaq.

İslahat Partiyası liberal iqtisadi siyasəti müdafiə edir. Mərkəz Partiyası isə Estoniyanın əhəmiyyətli saya malik olan rusdilli azlıq tərəfindən dəstəklənir.

Hər iki partiya vəd verib ki, hökumət formalaşdırılması ilə bağlı danışıqlara anti-mühacir, ifrat-sağçı Estoniyanın Mühafizəkar Xalq Partiyasını (EKRE) daxil etməyəcək. EKRE bu seçkilərlə səslərin 17.8 faizini qazanaraq, qanunvericilərin sayını iki dəfədən çox artırıb.

Sosial Demokrat və İsamaa Partiyaları da bazar günü seçkilərində parlament yerləri əldə edib.

XS
SM
MD
LG