Accessibility links

Etiraz aksiyası zamanı saxlanılanlar həbsə məhkum edilib – hüquq müdafiəçisinin və deputatın baxışı


Tofiq Yaqublu aksiya zamanı
Tofiq Yaqublu aksiya zamanı

Dekabrın 1-də Bakıda Fəvvarələr meydanında siyasi məhbus kimi tanınan “Saleh Rüstəmliyə azadlıq!” tələbi ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan 5 fəala Səbail rayon Məhkəməsi inzibati qaydada 30 sutkayadək həbs qərarı çıxarıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) məlumatına görə, məhkəmə fəallar, - İlham Hüseyni 30 sutka, Elçin Teymurovu 25 sutka, Elxan Əliyevi 20 sutka, Səyyad Quliyevi 15 sutka, Rüstəm İsmayılbəylini 30 sutlka inzibati həbsə məhkum edib.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra həmin il mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

Rüstəmli bu gün, dekabrın 2-də artıq 27 gündür həbsxanada aclıq edir. Onun aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən çoxdur həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

AXCP-dən Amerikanın Səsinə bildiriblər ki, polis ümumilikdə 40-dan çox aksiya iştirakçısını saxlayıb, onların əksəriyyəti sərbəst buraxılıb.

Saxlanılanlardan Tofiq Yaqublu, Paşa Dadaşazadə (qolunun qırıldığı bildirilir) və digər 6 fəal ağır xəsarət alıb. Onlarla fəal yüngül xəsarət alıb.

Daxili İşlər Nazirliyi hələ işgəncə və xəsarət halları barədə yayılan məlumatlara münasibət bildirməyib.

Fazil Qəzənfəroğlu
Fazil Qəzənfəroğlu

Fazil Qəzənfəroğlu: Nəinki Tofiq Yaqubluya qarşı, insana qarşı zorakılıq yolverilməzdir

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Qəzənfəroğlu Amerikanın Səsinə müsahibəsində bildirib ki, aksiya qanusuz keçirilib.

Fazil Qəzənfəroğlu: Nəinki Tofiq Yaqubluya qarşı, insana qarşı zorakılıq yolverilməzdir
please wait

No media source currently available

0:00 0:07:00 0:00

“Qanunsuz mitinqə görə dövlət hər zaman bu tədbiri görür. Amma, hesab edirəm ki, xüsusi zorakılığın şiddəti belə olmamalıdır. Bu mitinqdə Tofiq Yaqubluya qarşı törədilən, hesab edirəm ki, təxribatdır. Mitinqə çıxmağın özü bir təxribat idi. Niyə təxribat idi? Çünki, həmin gün ölkənin 14 hərbçisi şəhid olub, 2 nəfər yaralanıb. Bütün hamının diqqəti dəfndə olduğu bir vaxtda mitinqin vaxtını dəyişmək lazım idi. Bu birbaşa duyarsız bir davranış idi. Yəni bunu heç vaxt müsbət qəbul etmək düzgün deyil. Amma, burada xüsusilə Tofiq Yaqubluya qarşı belə davranış, hesab edirəm ki, dövlətin imicinə böyük zərbədir,” deputat qeyd edib.

Bu mitinqdə Tofiq Yaqubluya qarşı törədilən, hesab edirəm ki, təxribatdır. Mitinqə çıxmağın özü bir təxribat idi.
Fazil Qəzənfəroğlu, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü

Qəzənfəroğlu deyib ki, nəinki Tofiq Yaqubluya qarşı, ümumiyyətlə insana qarşı belə zorakılıq yolverilməzdir.

“Biz Milli Məclisdə də deyəcəyik. Bunu törədən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bu, birbaşa dövlətə qarşı təxribatdır.”

O, Saleh Rüstəmli ilə bağlı məsələyə hüquqi kontekstdən yanaşılmasının tərəfdarıdır.

“Saleh Rüstəmli amnistiyaya düşmədi. Amnistiyaya düşmədisə, müraciət etsinlər əfv institutuna, çalışıb onun azadlığa çıxmasını təmin edək. Bununla bağlı biz də hakimiyyətə müraciət etmişik. Bu məsələni siyasiləşdirməyin bir mənası yoxdur,” Qəzənfəroğlu qeyd edib.

Rüfət Səfərov: Aksiya xüsusi qəddarlıqla dağıdılıb
please wait

No media source currently available

0:00 0:05:19 0:00

Rüfət Səfərov: Aksiya xüsusi qəddarlıqla dağıdılıb

Müdafiə Xətti İnsan Haqları Təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində bildirib ki, aksiya zamanı qeyri-adekvat güc tətbiq edilib, aksiya polis qüvvələri tərəfindən xüsusi qəddarlıqla dağıdılıb.

“Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun, aksiyanı monitorinq edən Müdafiə Xəttinin həmtəsisçisi Zəfər Əhmədovun, Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Saqif Qurbanovun, AXCP Nərimanov rayon təşkilatının sədri Babək Həsənovun və AXCP üzvü Paşa Dadaşzadənin sağlamlığına polislər tərəfindən qəsdən zərər vurulub.”

“Azərbaycanda zorakılıqla bağlı faktlar hüquqi qaydada qiymətləndirilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik.
Rüfət Səfərov, hüquq müdafiəçisi

Müdafiə Xəttinin icraçı direktoru deyib ki, Tofiq Yaqublu bir neçə polis nəfəri tərəfindən zorakılıqla aksiyanın keçirildiyi məkandan kənarlaşdırılıb.

“Yaqublunun əlləri qandallanıb, başına torba keçirilib, amansızlıqla döyülüb, işgəncəyə məruz qoyulub, bu vəziyyətdə fotosu çəkilərək sifarişi verən rəsmi dairələrə göndərilib, daha sonra Bakıdan 70-80 km-lik məsafədə yerləşən çöllük ərazidə düşürülüb. Zərbələrin gücündən Yaqublunun göz ətrafı nahiyəsi o həddə şişib ki, o, görmə qabiliyyətini itirib.”

Səfərovun sözlərinə görə, Müdafiə Xətti Baş prokuror Kamran Əliyevə müraciət edib ki, aksiya zamanı vətəndaşlara zorakılıq tətbiq edən, onların sağlamlığına müxtəlif dərəcəli xəsarətlər yetirən, vəzifə səlahiyyətlərini aşan Daxili İşlər Nazirliyi əməkdaşlarının dairəsinin müəyyən edilib, hüquqi məsuliyyət məsələsinin həll olunması məqsədi ilə müvafiq göstəriş versin.

“Azərbaycanda zorakılıqla bağlı faktlar hüquqi qaydada qiymətləndirilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Hazırda vəkillər tibbi arayışları toplayır. Bundan sonra prokurorluq orqanlarına müraciət ediləcək,” o qeyd edib.

Müdafiə Xətti həmçinin Ombudsman Səbinə Əliyevanın diqqətini polisin qanunsuz hərəkətlərinə, ictimai təhlükəli əməllərinə cəlb edir, səlahiyyətləri həddində təbdir görməyə çağırır.

Səfərovun sözlərinə görə, Müdafiə Xətti insan haqları sahəsində ixtisaslaşan beynəlxalq quruluşları, mötəbər siyasi və hüquqi mərkəzləri baş verənlərə reaksiya verməyə çağırır.

“Biz beynəlxalq hüquq müdafiə təşkilatlarının, demokratik dövlətlərin Azərbaycanda insan hüquqlarının pozulması hallarına münasibətini adekvat saymırıq,” hüquq müdafiəçisi belə hesab edir.

Müdafiə Xətti Azərbaycan hökumətinə çağırış edib ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş yığıncaqlar və birləşmək, sərbəst toplaşmaq azadlıqlarına hörmətlə yanaşsın.

XS
SM
MD
LG