Fevralın 11-də Azərbaycan Mərkəzi Seçki Komissiyasının binası qarşısında fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə etiraz edən deputatlığa namizədlərin və fəalların dinc aksiyasının güc tərbiq edilməıklə dağıdılması sosial şəbəkələrdə və ictimai mühitdə kəskin tənqidlərlə qarşılanıb.
Müxalif siyasi liderlər deputatlığa namizədlərin etiraz aksiyasının güc tətbiq etməklə dağıdılmasını zorakılıq kimi qiymətləndirib.
İlham Əliyev: Xalq seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı
Prezident İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşdə bildirib ki, seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir.
Əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik.İlham Əliyev, Azərbaycan prezidenti
“Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, - bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur,” dövlət başçısı qeyd edib.
Pənah Hüseyn: Azərbaycan mütləq demokratik və azad olacaq
Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn seçki saxtakarlığına etiraza qalxmış namizədləri və onlarla birlikdə etiraza qoşulanları alqışlayır.
Pepressiyaları qətiyyətlə pisləyirəm.Pənah Hüseyn, keçmiş baş nazir
“Sizinləyəm, mübarizədə yanınızda olacağıq. Sizə qarşı gedənləri, təqibləri, repressiyaları, zorakılığı qətiyyətlə pisləyirəm. Yaşasın mübarizə və mübariz insanlar. Azərbaycan mütləq demokratik və azad olacaq,” keçmiş baş nazir qeyd edib.
Əli Kərimli: Rejim bütün qanunları kağız parçasına çevirib
AXCP sədri Əli Kərimli bildirib ki, hökumət deputalığa namizədlərin dinc aksiyasına dözüm nümayiş etdirə bilməyib.
Bəs İlham Əliyev xaricilərin qabağında deyirdi ki, xalq narazı olsa, səsini ucaldardı. Bəs deyirdi ki, gənclər küçələrə çıxsa, onları dinləyər.Əli Kərimli, AXCP sədri
“Bəs İlham Əliyev xaricilərin qabağında deyirdi ki, xalq narazı olsa, səsini ucaldardı. Bəs deyirdi ki, gənclər küçələrə çıxsa, onları dinləyər. Ancaq bu gecə deputatlığa 10-larla müstəqil namizədin dinc aksiyasına belə dözüm göstərmədi. Deputatlığa namizədlərin toxunulmazlıq hüququna da fikir vermədilər. Aksiyalarını dağıdıb, özlərini həbs etdilər. Rejim bu ölkədə təkcə Seçki Məcəlləsini deyil, bütün qanunları kağız parçasına çevirib,” o facebook səhifəsində yazıb.
Arif Hacılı: Azadlıq naminə mübarizəmiz qələbə ilə nəticələnənəcək
Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, mübarizə qələbəyədək davam edəcək.
Seçkilərdə bərabər rəqabət apara bilməyən hakimiyyət dinc aksiyanı da zorakılıqla dağıtmaqla acizliyini bir daha nümayiş etdirdi.Arif Hacıl, Müsavat Partiyasının başqanı
“Mərkəzi Seçki Komissiyasının qarşısında dinc aksiya zorakılıqla dağıdıldı. Çoxlu həbs olunanlar və xəsarət alanlar var. Müsavat Partiyasının seçkilərdə səlahiyyətli nümayəndələri Arzulla Buludlu, Əziz Məmiyev, bastainfo saytının baş redaktoru Mustafa Hacıbəyli, Müsavat Partiyasından deputatlığa namizəd Elman Quliyev həbs olunub. Həbs olunanlar sırasında deputatlığa namizədlər Rəbiyyə Məmmədova, İradə Cavadova, Fərhad Mehdiyev, Turqut Qəmbər və başqaları, çoxsaylı jurnalistlər var. Həbs olunanlar avtobuslara doldurularaq müxtəlif istiqamətlərdə aparılıb. Seçkilərdə bərabər rəqabət apara bilməyən hakimiyyət dinc aksiyanı da zorakılıqla dağıtmaqla acizliyini bir daha nümayiş etdirdi. Azadlıq naminə mübarizəmiz qələbə ilə nəticələnənədək davam edəcək. Fədakar gənclərimizə eşq olsun,” Müsavat başqanı facebook səhifəsində yazıb.
Anar Məmmədli: Etirazlar siyasi təlatümlərin bazasını yaradacaq
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, etiraz səsləri eşidilməsə ölkədə siyasi böhran genişləncək.
Hazırkı situasiyada ən yaxşı çıxış yolu azı 10 seçki dairəsində təkrar parlament seçkilərinin keçirilməsi, seçki qanunvericliyinə liberal dəyişikliklər və siyasi məhbusların azad olunmasıdır.Anar Məmmədli, ekspert
“Dünən bir qrup namizədin MSK qarşısında etiraz aksiyası polisin zorakı müdaxiləsi ilə dağıdıldı. Xeyli ictimai-siyasi fəal və jurnalist bədən xəsarəti aldı. Bu son parlament seçkilərinə etirazın kiçik təzahürü idi. Bu olaylar yeni (köhnə) parlamentin legitimliyinə növbəti zərbədir. Ümumiyyətlə, son 2 ay ərzində seçkinin gedişi göstərdi ki, iqtidardakı siyasi qüvvənin müdafiə etdiyi namizədlər ictimai nüfuza malik deyil. Seçki günü baş verən kütləvi qanun pozuntularına beynəlxalq reaksiyalar da göstərdi ki, bu parlamentin beynəlxalq aləmdə də heç bir nüfuzu olmayacaq. Avropa Birliyinin “bu paralmentlə çalışacağıq” açıqlaması heç kimi aldatmasın. Dar siyasi çevrələrdə bu parlament urvatsız, ələbaxan parlament kimi qəbul olunacaq.”
Onun qənaətincə hakim siyasi qrupun parlamentə legitimlik libası geyindirmək cəhdləri uzağı 3-5 ay davam edəcək.
“Çünki bu parlament ölkənin sosial-iqtisadi problemlərinin çözümünə adekvat tərkibdə formalaşmayıb, tərkibi nəinki müxalif spektri, heç apolitik çevrələrin rəğbətini qazancaq səviyyədə deyil. Hazırkı situasiyada ən yaxşı çıxış yolu azı 10 seçki dairəsində təkrar parlament seçkilərinin keçirilməsi, seçki qanunvericliyinə liberal dəyişikliklər və siyasi məhbusların azad olunmasıdır. Bunlar baş verməsə ölkədə siyasi böhran genişləncək, mövcud siyasi qüvvələr nüfuzunu itirəcək və səsləri eşidlməyənlərin sosial zəmində etirazları gələcək siyasi təlatümlərin bazasını yaradacaq,” o qeyd edib.