Accessibility links

Etirazlar zamanı həbs olunan ABŞ jurnalistinin məhkəməsi başlayır


Çərşənbə axşamı ABŞ-ın Ayova ştatında məhkəmə ötən may ayında De Moyn şəhərində “Qaraların həyatı mühümdür” etirazını işıqlandırarkən saxlanılan jurnalistin məhkəməsinin ikinci günü arqumentləri dinləyəcək.

Polis Minnesota ştatının Minneapolis şəhərində Corc Floydun ölümü ilə əlaqədar etiraz aksiyası zamanı toqquşmalar baş verərkən The Des Moines Register qəzetinin müxbiri Andrea Sahuriyə qarşı gözyaşardıcı qaz tətbiq edib və onu qısa müddətə saxlayıb. Sahuri həmin vaxt dağılmamaq və rəsmilərin fəaliyyətinə müdaxilə etmək ittihamları ilə üzləşən sevgilisi Spenser Robnettlə birlikdə olub.

Sahurinin vəkili bazar ertəsi münsiflər məhkəməsinin üzlərinə müdafiə etdiyi şəxsin jurnalist kimi işini yerinə yetirərkən səhvən həbs olunduğunu deyib.

Mayın 31-də keçirilən etirazlar zamanı bəzi nümayişçilər polisə su şüşələri və daş atmışdı. Bəziləri isə vitrin şüşələrini sındıraraq, mağazanı qarət etmişdi.

Polis rəsmisi Lyuk Vilson bazar ertəsi Sahurinin onun kütləni dağıtmaq üçün dəfələrlə gözyaşardıcı qazdan istifadə etdiyi zaman ərazini tərk etmədiyini və onun müxbir olduğunu bilmədiyini deyib.

Associated Press xəbər agentliyi bu cür həbs müddətinin qeyri-adi olacağını bildirsə də, məhkəmə onu təqsirli biləcəyi halda, Sahuri hər ittihama görə 600 dollar cərimə və 30 günə qədər həbs cəzası ilə üzləşə bilər.

Məhkəmə insan haqları və mətbuat azadlığı müdafiəçiləri, jurnalistika məktəbləri və media qurumlarının diqqət mərkəzindədir. Onlar Sahurinin müxbir kimi işini yerinə yetirdiyini bildirərək, rəsmi şəxslərdən ona qarşı ittihamları aradan qaldırmasını istəyir.

“Bu məhkəmənin ümumiyyətlə baş verməsi azad mətbuat hüquqlarının pozulması və ədalətin pozulmasıdır” - deyə, Des Moines Register qəzetinin redaksiya heyətinin baş məqaləsində qeyd edilir.

Rəsmilər jurnalistlərin polisin dağılmaq haqda əmrlərinə əməl etməmək kimi hüquqa malik olmadığını iddia edərək, eyni bir əmrin 90 dəqiqə əvvəl verildiyini bildirib.

"Mətbuat azadlığı sahəsində pozuntuları” izləyən ABŞ-ın Mətbuat Azadlığı Monitorinqi Birləşmiş Ştatlarda 2018-ci ildən bəri çalışan bir jurnalistin mühakimə olunması haqda məlumatı olmadığını bildirib.

Sözügedən qurum 2020-ci ildə ölkə üzrə etiraz nümayişləri zamanı 125-dən çox müxbirin saxlanıldığını açıqlayıb. Sahuri də daxil olmaqla, onlardan 13 nəfəri hələ də mühakimə oluna bilər.

XS
SM
MD
LG