Accessibility links

Azərbaycan şairlərinin İranda həbsi qalmaqala çevrilir


Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə

ETTELAAT-ın rəhbəri şairlərin ittihamları ilə bağlı suala cavab verməyib. Azərbaycan ziyalıları isə beynəlxalq təşkilatlara müraciət edib.

İyulun 4-də jurnalistlər İran kəşfiyyatının – ETTELAAT-ın rəhbəri Heydər Moslehiyə azərbaycanlı şairlər Şəhriyar Del Gerani və Fərid Hüseynlə bağlı sual veriblər.
“Media forum” saytının məlumatına görə, Heydər Moslehi İranda tutulan azərbaycanlı şairlərin durumu və onlara irəli sürülən ittihamla bağlı sualı belə cavablandırıb: “Hələ tezdir. Bu haqda əlavə məlumat almaq üçün bir az dözməlisiniz. Mən indi bu barədə məlumat verməyəcəyəm”.
Fərid Hüseyn və Şəhriyar Del Gerani aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də Təbrizdə həbs olunublar.
İyulun 3-də İranın “Press TV” kanalı Şəhriyar Del Gerani və Fərid Hüseynlə bağlı video yayıb. Videoda Azərbaycan şairlərinin casusluqda ittiham olunduğu deyilir. İddiaya görə, Azərbaycan yazarları Milli Təhlükəsizlik Nazirliyinin tapşırığı ilə hərəkət ediblər və İranda yerli azərbaycanlı dissidentləri məxfi əməkdaşlığa cəlb etməyə çalışıblar. Videoda deyilir ki, şairlərin fotoaparatında İrandakı strateji obyektlərin və qurğuların şəkilləri aşkarlanıb.
Gənc şairlərin İranda həbsi Azərbaycanda kəskin əks reaksiyalar doğurub. Belə ki, şairlər İrana festivala dəvət edilib və sonra saxlanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşların taleyi ilə bağlı İran tərəfinə dəfələrlə nota göndərməsinə baxmayaraq hələ də onların saxlanmasının səbəbləri izah olunmayıb.
Bu gün xalq yazıçısı, PEN-klubun prezidenti Çingiz Abdullayev şairlərin taleyi ilə bağlı beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət ünvanlayıb.
Sənəddə deyilir ki, gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da İrana dəvət edilib və mayın 2-də İranda naməlum şəxslər tərəfindən saxlanıb. Dəfələrlə müraciətlər olmasına baxmayaraq indiyə kimi azad olunmayıblar.
Daha sonra müəllif İranın bəzi media qurumlarının bu şəxslərin narkotika qaçaqmalçılığı etdiyi, İsrail casusları olması haqda məlumat yaydıqlarını qeyd edir.
Bu insanlara vəkil təyin olunmamasının, saxlanmaları haqda informasiya verilməməsinin ciddi narahatlığa səbəb olması vurğulanır.
Müəllif beynəlxalq qurumları gənc yazarların azad olunması üçün səylərini birləşdirməyə çağırır. “İnsan hüquq və azadlıqlarının qoruması beynəlxalq qurumların və dövlətlərin əsas prioritetidir”, - deyə Abdullayev qeyd edir.
XS
SM
MD
LG