Accessibility links

Avropa Parlamenti Ukraynaya Aİ-yə namizəd statusu verib


Avropa Parlamenti cümə axşamı böyük səs çoxluğu ilə Ukraynaya Avropa İttifaqına namizəd statusunun verilməsinə səs verib və onu Rusiyanın dörd aydır davam edən işğalı ilə mübarizədə Kyivə böyük miqdarda silah-sursat verən Qərb müttəfiqlərinə bir addım yaxınlaşdırıb.

Səsvermə 529 lehinə, 45 əleyhinə səs fərqi ilə başa çatıb, 14 nəfər isə bitərəf qalıb. Avropa Parlamenti həmçinin Gürcüstan və Moldovanın Aİ-yə namizədliyini təsdiqləyib.

Ukrayna prezidenti Volodimir Zelenski “Twitter” səhifəsində bildirib ki, bu, “Ukrayna-Aİ münasibətlərində tarixi məqamdır... Ukraynanın gələcəyi Aİ daxilindədir”.

Instagramda isə o, "Biz indicə namizədliyi aldıq. Bu, bizim qələbəmizdir" deyib.

Səsvermə ABŞ-ın Ukraynaya bir həftə əvvəl elan etdiyi 1 milyard dollarlıq yardımın üzərinə bəzi əlavə orta mənzilli raket sistemləri də daxil olmaqla, 450 milyon dollar əlavə hərbi yardım göndərdiyini dediyi vaxta təsadüf edib.

“Ukrayna Aİ ölkəsidir. Və biz bu hüquq uğrunda təkcə döyüş meydanında deyil, həm də hüquqi müstəvidə mübarizə aparırıq” – deyə, Ukrayna parlamentinin sədri Ruslan Stefançuk Facebook mesajında Avropa qanunvericilərinə dəstəklərinə görə təşəkkür edib.

Üç ölkənin 27 üzvlük Aİ blokuna qoşulması üçün onlardan bir sıra siyasi və iqtisadi islahatların aparılması tələb olunacaq.

Avropa Komissiyasının sədri Ursula von der Leyen Ukraynanın “Aİ qaydalarının, normalarının və standartlarının təxminən 70%-ni artıq tətbiq etdiyini” qeyd edib. Bununla belə, o, “qanunun aliliyi, oliqarxlar, antikorrupsiya və fundamental hüquqlar” sahələrində çox iş görülməli olduğunu bildirib.

Aİ-nin bütün 27 hökumətinin başçılarından ibarət Avropa Şurası Ukraynanın üzvlüyünə dair yekun səsverməni keçirəcək. Səsvermə yekdil olmalıdır. Diplomatlar deyirlər ki, bu prosesi başa çatdırmaq on il çəkə bilər.

XS
SM
MD
LG