Avropa İttifaqı Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarına başlayıb. Blokun icraçı rəhbəri Ursula fon der Leyen bunu "tarixi an" kimi qiymətləndirilib.
"Bu, vətəndaşlarınızın çoxdan gözlədikləri və çox çalışdıqları məsələdir və onlar buna layiqdirlər" - deyə, fon der Leyen iyulun 19-da Brüsseldə Albaniyanın və Şimali Makedoniyanın baş nazirləri Edi Rama və Dimitar Kovaçevskini təbrik edib.
"Bu tarixi an sizin uğurunuzdur. Sizin ağır əməyinizin nəticəsidir" – deyə, fon der Leyen ayrıca tvit paylaşıb.
"@EU_Commission sizi bütün yol boyu dəstəklədi. Biz bunu davam etdirəcəyik" – deyə, o qeyd edib.
İyulun 18-də blokun 27 üzv ölkəsi Şimali Makedoniyanın Aİ qonşusu Bolqarıstanla uzun müddət davam edən mübahisəni həll etməsindən sonra iki Qərbi Balkan ölkəsi ilə üzvlük danışıqlarını başlamağa razılaşıb.
Bolqarıstan bu yaxınlara qədər ölkələr arasında uzun müddətdir dil və tarixi məsələlərlə bağlı mübahisələrə görə üzvlük danışıqlarında irəliləyişin qarşısını alırdı.
Lakin iyulun 17-də Şimali Makedoniya parlamenti Bolqarıstanın Skopyenin Aİ-yə daxil olmaq istəyinə veto qoymasını ləğv etmək üçün Fransanın təklif etdiyi kompromisi təsdiq etməsindən bir gün sonra iki ölkə Sofiyada saziş imzalayıb.
2007-ci ildən Aİ-nin üzvü olan Bolqarıstan Şimali Makedoniyanın dilinin bolqar köklərinə malik olduğunu rəsmən tanımasını, konstitusiyasında bolqar azlığını qəbul etməsini və Bolqarıstana qarşı "nifrət nitqi" adlandırdığı ifadələrdən imtina etməsində israr edirdi.