Mayın 11-də gecə saatlarında Bakı şəhərində “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. İki saatadək davam edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Nəticədə, ümumi sahəsi 22500 kvadrat metrə yaxın olan bazarın 3300 kvadrat metr hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.
Hadisə yerinə gələn fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, bu tikinti bazarında bir müddət əvvəl də yanğın baş verib.
“Həmin yanğından sonra obyektin rəhbərliyinə Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən plan üzrə təhlükəsizlik tədbirləri görülməsilə bağlı xəbərdarlıq edilmişdi. Lakin bu yanğın hadisəsi göstərir ki, yenə də tədbirlər tam görülməyib. Təmir-quraşdırılma işləri bitmədən, obyekt tərəfimizdən və yerli icra hakimiyyəti tərəfindən qəbul edilmədən burada sahibkarların fəaliyyətinə şərait yaradılıb."
Nazir hesab edir ki, bu hadisədən sonra hüquq-mühafizə orqanları obyekt haqqında daha ciddi tədbir görəcək.
“Belələri layiqli cəzalarını alacaq. Nəzarət qurumlarının göstəriş və təlimatlarına hər bir sahibkar əməl etməlidir," o qeyd edib.
Yanğının səbəbləri hələ bəlli deyil. Bazarın sahibləri yanğınla bağlı şərh verməyib.
"EuroHome" tikinti materialları bazarında 2019-cu il dekabrın 10-da da yanğın baş verib. Yanğın nəticəsində 17500 kvadrat metr ərazidə yerləşən yüzdən çox mağaza yanıb.
"EuroHome" Azərbaycanın tikinti malları satılan ən böyük bazarlarından biridir.