Avropa Parlamenti Qazaxıstanda baş vermiş yanvar hadisələri ilə bağlı qətnamə qəbul edib. Deputatlar beynəlxalq təhqiqata və insan haqlarının pozulmasına görə Aİ çərçivəsində Qazaxıstan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.
Sənəd səs çoxluğu ilə qəbul edilib, 589 deputat “lehinə”, 35 nəfər “əleyhinə” səs verib, 47 deputat isə bitərəf qalıb.
Qətnamə layihəsinin müzakirəsi zamanı onun həmmüəllifi Ruja Tun bildirib ki, deputatlara sənədi hazırlamaq üçün az vaxt verilib, həm də həcm baxımından məhdudlaşdırılıb. O, qətnamə layihəsini “çox qısa” adlandırıb və bildirib ki, burada “Qazaxıstan vətəndaşlarının dəhşətli vəziyyəti kifayət qədər təfərrüatlı şəkildə təsvir edilmir”. Buna baxmayaraq, o, Avropa Parlamentindəki həmkarlarını sənədin qəbul edilməsinə səs verməyə çağırıb.
Qətnamə 27 bənddən ibarətdir. Onun mətninə əsasən, Qazaxıstan hakimiyyəti etirazlara, o cümlədən dinc etirazlara “qeyri-proporsional zorakılıq” ilə cavab verib; söz azadlığını və dinc müxalifəti məhdudlaşdırmaq üçün "terrorizm" və "ekstremizm" terminlərinin "qeyri-müəyyən və həddən artıq geniş" şəklindən istifadə edib; “öldürücü də daxil olmaqla, həddindən artıq, gərəksiz və fərq qoymadan gücdən” istifadə edib.
Prezident Tokayevin “xəbərdarlıq etmədən atəş açmaq” əmri Avropa Parlamentinin qətnaməsində “Qazaxıstanın yaşamaq hüququna hörmət və müdafiə ilə bağlı beynəlxalq hüquqi öhdəliklərinin pozulması” adlandırılır.
Qazaxıstan Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi qətnaməni qərəzli adlandırıb.
"Qazaxıstan Xarici İşlər Nazirliyi bildirir ki, Avropa Parlamentinin ölkəmizdəki vəziyyətlə bağlı qəbul etdiyi qətnamə qərəzlidir və qeyri-obyektiv nəticələrə və məlumatlara əsaslanır. Qazaxıstanda baş vermiş faciəli yanvar hadisələrinin obyektiv qiymətləndirilməməsi bizi narahat edir” – deyə, nazirliyin bəyanatında deyilir.
Xarici İşlər Nazirliyində qeyd edildiyi kimi, Avropa Parlamentinin deputatları qətnamə layihəsini hazırlayarkən Qazaxıstan rəsmilərindən dəqiqləşdirmə ilə bağlı sorğu istəməyiblər.
"Biz Qazaxıstan Respublikası rəhbərliyinin təşəbbüsü ilə aparılan rəsmi araşdırmanın nəticələri elan olunmamışdan əvvəl belə sənədlərin qəbulunu yolverilməz hesab edirik. Biz onun nəticələrinin beynəlxalq ictimaiyyətə təqdim ediləcəyini bir daha təsdiq edirik" – deyə, nazirliyin saytında bildirilir.