Accessibility links

Avropa Parlamenti: Navalnının ölümünə görə Rusiya rəhbərliyi və şəxsən Putin məsuliyyət daşıyır


Avropa Parlamenti müxalifət lideri Aleksey Navalnının ölümünə görə Rusiya prezidenti Vladimir Putinin "cinayət və siyasi məsuliyyət" daşıdığını və buna görə cavab verməli olacağını bildirib.

Rusiyanın müxalifət lideri Aleksey Navalnı fevralın 16-da həbsxanada qeyri-müəyyən şəraitdə dünyasını dəyişib. Avropa İttifaqı liderləri onun ölümündə Rusiya prezidentini günahlandırıb.

"Tanınmış rəqibi Aleksey Navalnının ölümünə görə cinayət və siyasi məsuliyyəti Rusiya hökuməti və şəxsən Vladimir Putin daşıyır", 506 səslə (Avropa Parlamentində yerlərin ümumi sayı 705-dir) qəbul edilən qətnamədə qeyd edilir.

Qətnamənin əleyhinə 9 deputat səs verib.

Sənəddə Putinin "məsuliyyət daşımalı olduğu" vurğulanıb.

Qanunvericilər Navalnının ölümü ilə əlaqədar şəraitlə bağlı "müstəqil və şəffaf beynəlxalq təhqiqatın" aparılmasına çağırıb.

Avropa Parlamenti eləcə də Avropa İttifaqının 27 üzv ölkəsini rusiyalı siyasi məhbuslara və Rusiyada demokratik müxalifətə dəstəyi gücləndirməyə çağırıb.

Navalnının dəfn mərasimi cümə günü Moskva kilsələrindən birində keçiriləcək.

Onun dul qalan həyat yoldaşı Yuliya Navalnaya çərşənbə günü Avropa Parlamentində dəfn mərasinin iğtişaşlar və həbslərlə müşayiət ola biləcəyindən ehtiyat etdiyini deyib.

Navalnının tərəfdarları cümə axşamı bildiriblər ki, onun cənazəsini Moskvada dəfn mərasiminə aparmaq üçün cənazə maşını kirayələmək cəhdlərinin qarşısı naməlum şəxslər tərəfindən alınıb.

Navalnının mətbuat katibi Kira Yarmış X media platformasında bildirib ki, naməlum şəxslər cənazə maşını icarə edənləri telefonla hədələyib və nəticədə heç kim onun cəsədini daşımağa razılıq verməyib.

Müxalifətçinin silahdaşı İvan Jdanov Navalnının komandasının istənilən halda bunun həll yolunu tapacağını deyib.

Forum

XS
SM
MD
LG