Avropa Parlamenti və Aİ ölkələri 2035-ci ilə qədər yeni benzin və dizel mühərrikli avtomobillərin və furqonların satışının qadağan edilməsi haqqında saziş imzalayıb.
Avropa Parlamentinin ətraf mühit komitəsinin sədri Paskal Kanfen sənədi “tarixi qərar” adlandırıb. “Hazırda Avropanın emissiyalarının 16%-ni təşkil edən bu sektor 2050-ci ilə qədər sıfır karbon emissiya edəcək” – deyə, o qeyd edib.
Beynəlxalq ətraf mühit təşkilatı Greenpeace razılaşmanı tənqid edərək, bunun yalnız siyasətçilərin iqlim dəyişikliyi ilə mübarizədəki çoxsaylı uğursuzluqlarını gizlətdiyini bildirib.
Ekoloqların fikrincə, qlobal istiləşmənin 1,5 ° C-dən çox olmaması üçün dizel mühərrikli yeni avtomobillərdən 2028-ci ilə qədər imtina etmək lazımdır. Alimlər təsdiq ediblər ki, əsasən istixana qazlarından qaynaqlanan qlobal istiləşmə səbəbindən leysan və istilik dalğaları daha tez-tez olur və intensivləşir.
2022-ci ilin yayında güclü yağışlar Avstraliya, Hindistan, Banqladeş və Çində güclü daşqınlara səbəb olub. Eyni zamanda, Rusiyanın bəzi regionlarında, ABŞ, Yaponiya və Avropa ölkələrində istilər yaranıb.
Qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq və 2030-cu ilə qədər karbon emissiyalarını azaltmağa çalışmaq 2021-ci ilin noyabrında Qlazqoda keçirilən BMT-nin iqlim konfransında razılaşdırılıb. Sammitin yekun razılaşmasını Rusiya da daxil olmaqla iki yüzə yaxın ölkə imzalayıb.