2022 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olan Ukraynanın Kalush Orchestra qrupu öz kubokunu hərraca çıxarıb. Məqsəd işğalçı Rusiya qüvvələrinə qarşı ölkənin müharibə səylərini maliyyələşdirməkdir.
Qrup mayın 29-da mikrofon şəklində cilananmış ikonik büllur mükafatının nüsxəsini Ukraynanın internetdəki kriptovalyuta birjasına satdığını elan edib.
"Kuboku 900.000 dollara alan və hazırda qanuni sahibləri olan Whitebit komandasına xüsusi təşəkkürlər", Kalush Orchestra qrupu bildirib.
Qrup həmçinin mayın 29-da Berlində xeyriyyə konserti zamanı solist Oleq Psyukun imzası olan çəhrayı panama papağının lotereya satışını həyata keçirib. Satışdan əldə edilən bütün vəsait Ukrayna ordusunun dəstəklənməsinə sərf ediləcək.
Hərracın təşkilatçısı olan teleaparıcı Serqey Prytula bir müddət əvvəl bildirmişdi ki, məqsəd yığılan vəsaitlə Ukrayna istehsalı olan PD-2 hərbi pilotsuz təyyarələr almaqdan ibarətdir.
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlayıb. Lakin Ukrayna paytaxtını ələ keçirmək kimi ilkin cəhdlər uğursuz olub.
Döyüşlər hazırda ölkənin şərqində gedir. Ukrayna qüvvələrinin Rusiya hücumuna qarşı şiddətli döyüşlər apardığı bildirilir.
Kalush Orchestra qrupu bu ayın əvvəlində İtaliyada keçirilən 66-cı Avroviziya müsabiqəsində Stefania adlı mahnısı ilə qələbə əldə edib. Rusiya Ukraynaya qarşı əsassız müharibə apardığına görə müsabiqədən kənarlaşdırılıb.