Accessibility links

Əvəz Zeynallı: Bu, Allahsızların saxtalaşdırdığı işdir


Əvəz Zeynallı
Əvəz Zeynallı

Vəkillər məhkəmədən baş redaktora bəraət istəyib

Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə prosesdə vəkillərin və müttəhimin özünün yekun çıxışı olub.

Bir müddət əvvəl prokuror məhkəmədən Zeynallının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İclasın əvvəlində Zeynallı yenidən təkrar məhkəmə təhqiqatının keçirilməsi və ona qarşı əsas şahid - sabiq deputat Gülər Əhmədovanın məhkəmədə iştirakının təmin edilməsi haqqında vəsatət qaldırıb. O bildirib ki, Əhmədovanı iki gün əvvəl istintaq təcridxanasında görüb və o, tamamilə sağlam idi.
Lakin hakim Ramella Allahverdiyeva məhkəmə istintaqının artıq yekunlaşdığını bildirib və sözü vəkil Elçin Sadıqova verib.

Vəkil bildirib ki, istintaq ona qarşı irəli sürülmüş 4 ittihamdan (Cinayə Məcəlləsinin 311.3.3 (böyük məbləğdə rüşvət alma), 311.4 (hədələmək yolu ilə pul tələb etmə), 306-cı (məhkəmə hökmünü, qərarını və ya digər aktını icra etməmə) maddələrinin heç birini sübuta yetirməyib.

Xüsusən, o, 7 min manatlıq vergi borcu hesablanmasının əsassız olduğunu bildirib, belə ki, vergi ödəyicisi kimi Zeynallı özü çıxış edirdi.

Qəzetin borcu cəmi 1 196 manat 53 qəpik təşkil edir və onun nəşri dayandırılmasaydı, Zeynallı bu borcu ödəyərdi.

Qəzetə qarşı iddialar üzrə məhkəmə qərarlarının icra edilməməsinə gəlincə, qəzet “Azərbaycan” nəşriyyatının direktoruna 670 manat ödəyib. Qəzetin əmlakı müsadirə edildiyi üçün Zeynallı iddiaçıların borcunu ödəmək imkanından məhrum olub.

Zorla pul tələb etməyə və rüşvət almağa gəlincə, Zeynallının təqsirinin heç bir sübutu təqdim edilməyib. Əhmədovanın təqdim etdiyi audioyazılarda da Zeynallının pul almasına dair dəlil yoxdur.

Digər vəkil, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı Zeynallıya qarşı işi mətbuat və ifadə azadlığına qarşı növbəti hücum kimi qiymətləndirib.
Üçüncü vəkil Mənsum Bayramov da Zeynallının əməllərində cinayət tərkibi olmadığını bəyan edib. Hər üç vəkil bəraət hökmü çıxarılması zərurətini qeyd ediblər.

Prokuror Ramazan Hadıyev isə bildirib ki, vəkillər “istintaqın dəlillərini təkzib edən arqument” təqdim etməyiblər.

Zeynallı öz növbəsində bildirib ki, məhkəmənin Əhmədovanı prosesə gətirməyə gücü yetməyib. O, işin tamamilə saxtalaşdırıldığını bildirib və onun həbsi sifarişinin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən və administrasiyanın şöbə müdiri Əli Həsənovdan gəldiyini qeyd edib.

Zeynallı istintaq tərəfindən hüquqlarının pozulduğunu bildirib və mafiya ilə qarşılaşdığını deyib. Bu zaman o, oğurlandığını bəyan edib. Saxlanma zamanı ondan alınan 300 dollar və mobil telefon ona qaytarılmayıb.

13 ittiham şahidindən heç kim rüşvət alma faktı ilə bağlı ifadə verməyib.
“Necə olur ki, Əhmədova videoyazıların dəlil olmadığını deyilr, məni isə onun təqdim etdiyi audioyazılara görə mühakimə edirsiniz?”, deyə Zeynallı qeyd edib.

“Bu, Allahsızların saxtalaşdırdığı işdir”, deyən Zeynallının bu sözləri alqışla qarşılanıb.

Hakim hökmün oxunmasını qeyri-müəyyən vaxt üçün təxirə salıb.
XS
SM
MD
LG