Milli exit-pol nəticələri göstərir ki, Ukraynada prezident seçkilərində seçicilərin 30.4 faizi komediyaçı Vladimir Zelenskiyə səs verib.
Hazırkı prezident Petro Poroşenko səslərin 17.8 faizi ilə ikinci, Yuliya Timoşenko isə səslərin 14.2 faizi ilə üçüncü yerdə gəlir.
Exit-polu Demokratik təşəbbüslər fondu, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu və Razumkov Mərkəzi aparıb. Bu, exit-polların ilkin nəticələridir, yekun nəticələr Kiyev vaxtı ilə saatı ilə 23:00-da açıqlanacaq.
31 martda Ukraynada prezident seçkilərinin ilk turu keçirilib. Mərkəzi Seçki Komissiyası seçkidə rekord 39 nəfərin iştirakını təsdiq edib.
Ümumilikdə ölkə boyu 30 min seçki məntəqəsi fəaliyyət göstərib. İlhaq olmuş Krım və Donbasda rəsmi Kiyevin nəzarətində olmayan ərazilərdə yaşayan sakinlər səs vermək üçün yaxınlıqdakı seçki məntəqələrinə üz tutub.
Ukraynanın Milli Seçki Komissiyası 17 ölkə və 19 beynəlxalq təşkilatdan 2400 benyəlxalq müşahidəçini qeydiyyatdan keçirib. Onlar arasında Rusiya vətəndaşı yoxdur, çünki Ukrayna Ali Radası (məclisi) Rusiya Federasiyasını “təcavüzkar ölkə” olaraq tanıyıb və onların seçkini müşahidə etməsinə icazə verməyib.
Bundan əlavə Rusiyadakı Ukrayna vətəndaşları da seçkilərdə iştirak edə bilməyib. Belə ki, Kiyev bu ərazidə seçki məntəqələri açmaqdan imtina edib. Prezidentliyə namizədlərdən birinə səs vermək istəyənlər Qazaxıstan və ya Finlandiyaya getməyə məcbur olub. Seçici fəallığının ən yüksək olduğu yerlərdən biri Çexiya olub. Orada 20 mindən çox seçici səs verib.
Seçkinin nəticələri aprelin 10-dək açıqlanacaq. İlk raundda namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu əldə edə bilməsə, seçkinin ikinci raundu keçiriləcək. Bu seçki aprelin 21-ə təyin olunacaq. Yekun nəticələr isə 1 mayadək açıqlanacaq.