Accessibility links

Ekstremal hava şəraiti ABŞ-ın orta-qərb bölgəsində daşqınlara səbəb olub


Minnesota bəndinin yaxınlığında məcrasından çıxan çayın kənarındakı bir evin sürüşərək, çaya düşməsi orta qərbin yuxarı hissəsində hökm sürən ekstremal havanın ən son sarsıdıcı nümunəsi olub.

Videoda Barns ailəsinə məxsus olan evin çərşənbə axşamı gecə Mankato yaxınlığında daşan Mavi Yer çayına düşdüyünü görmək olub. Bazar ertəsi bəndin qərb dayağının sıradan çıxması çayın evin olduğu sahili dağıtmasına səbəb olub. Ailə evi uçmadan əvvəl tərk etmişdi.

Ailəsinin onilliklər ərzində yaxınlıqdakı “Dam Store” mağazasını idarə edən Cenni Barns ev çaya düşməzdən əvvəl çərşənbə axşamı KARE-TV-yə "Bu, çox qorxulu və ağır bir vəziyyət idi" deyib. O, mağazadan da narahat olduğunu bildirib.

"Bu, bizim də həyatımızdır. Bu, bizim işimizdir, bu, bizim dolanışıq vasitəmizdir. Bu, bizim üçün hər şeydir" - deyə, Barns bildirib.

Keçən həftədən bəri yağan leysan yağışları səbəbindən Nebraska, Ayova, Cənubi Dakota və Minnesota ştatları daşqınların mühasirəsindədir. Eyni zamanda bu ştatlar istilik dalğasından əziyyət çəkir. Bəzi ərazilərə 46 santimetrə qədər yağıntı düşüb və bəzi yerlərdə suyun səviyyəsi rekord həddə çatıb. Yüzlərlə insan xilas edilib, evlərə ziyan dəyib və azı iki nəfər su basmış ərazilərdə avtomobildə ölüb.

Çərşənbə axşamı gecə tornado xəbərdarlığı, daşqın və dolu orta-qərb bölgəsindəki bəzi sakinlər üçün əlavə problemlər yaradıb. Milli Hava Xidməti Ayova və Nebraska ştatlarında bir neçə tornado qeydə alındığını bildirib. Xidmət bəzi binalara, əkin sahələrinə və ağaclara dəyən ziyanı qiymətləndirərək, tornadoların yerə çatdığını təsdiqləyib. Ciddi xəsarətlər barədə məlumat verilməyib.

Meteoroloji xidmət bölgədəki bir çox çay üçün daşqın xəbərdarlığını da uzadıb. Çərşənbə axşamı daşqın Ayova ştatında səddi aşaraq, təhlükəli şərait yaradıb və evakuasiyaya səbəb olub.

Hava xidmətinin ilkin məlumatları göstərib ki, son daşqınlar Cənubi Dakota və Ayova ştatlarının ondan çox çay səviyyəsini rekord həddə çatdırıb.

Missuri ştatının qubernatoru Mayk Parson çərşənbə günü Missuri çayının daşması ərəfəsində fövqəladə vəziyyət elan edib.

Cənubi Dakota qubernatoru Kristi Noem çərşənbə axşamı gecə X sosial platformasında insanların ictimai təhlükəsizlik işçilərinin müşayiəti olmadığı təqdirdə ərazidən kənarda qalmalarını tövsiyə edib.

Forum

XS
SM
MD
LG