Accessibility links

Fəallar “Siyasi məhbuslara azadlıq!” şüarı ilə aksiya keçirib


Müsavat Partiyasının fəalının məhkəməsi yenə təxirə salınıb

Müsavat Partiyasının fəalı Azad Həsənovun cinayət işi üzrə məhkəmə iclasından sonra bir qrup fəal Mərkəzi Parkda “Azad Həsənova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları qaldırararq etiraz aksiyası keçirib. Fəallar “Azadlıq!”, “İstefa!”, “Siyasi məhbuslara azadlıq!”, “Azad Həsənova azadlıq!” şüarları səsləndirərək, park boyu bir neçə yüz metr irəliləyib. Bu zaman polis müdaxilə edib, şüarları cırıb, bir neçə fəal saxlanılıb.

Azad Həsənov heç bir cinayət törətməyib.
Arif Hacılı

İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Həsənov üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə vəkil Osman Kazımovun Azad Həsənovun cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətini təmin etməyib. Növbəti iclas avqustun 5-də olacaq.

Osman Kazımov bildirib ki, vəsatət müzakirə olunarkən onun və Azad Həsənovun fikri öyrənilməyib.

“Bu, müdafiə hüququnun pozulmasıdır. Bu da onunla bağlııdır ki, məhkəmə çaş-baş vəziyyətindədir. Hansı qərar qəbul edəcklərini bilmirlər. Bu il mayın 7-də Bakı Baş Polis İdarəsinin qeydiyyat kitabından çıxarışın məhkəməyə təqdim olunması ilə bağlı məhkəmə qərarına polis idarəsi hələ cavab verməyib. Bu hal İlham Əliyevin məhkəmə islahatları barədə dediklərinin bir göstəricisidir. Hər hansı islahatdan söhbət gedə bilməz”, o qeyd edib.

Azad Həsənov artıq 8-ci gündür məhkəmənin uzadılmasına etiraz olaraq aclıq edir.

“Biz aclığı dayandırması üçün Müsavat Patiyasının müraciətini ona çatdırdıq. Həsənov aclığı sonadək davam etdirəcəyini bildirdi,” Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Arif Hacılı da məhkəmənin qəsdən uzadıldığını bildirib.

“Azad Həsənov heç bir cinayət törətməyib. O, Müsavat Partiyasının üzvü olduğu, azadlıqlar, hüquqi dövlət qurulması uğrunda mübarizə apardığına görə həbs edilib,” Müsavat başqanı deyib.

Polis aksiyaya müdaxilə edib
Polis aksiyaya müdaxilə edib

Azad Həsənov 2014-cü ildən Litvada mühacir həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrın 11-də Bakıya gəlib və həmin gün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu ittiham sübut olunarsa onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür.

Müsavat Partiyası onun həbsinin qurama və siyasi motivli olduğunu bəyan edib.

Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmir.

XS
SM
MD
LG