Accessibility links

Fədayə Laçın: 'Bilməzdim ki, 6 manatlıq açara görə…'


Fədayə Laçın

"Mən 22 ildir sənətdəyəm. Ali təhsilliyəm. Amma həyatda heç vaxt bəxtim gətirməyib. Nə bir insan kimi, nə də bir qadın kimi xoşbəxt ola bilmişəm. Bu son hadisə də göstərdi ki, həqiqətən bəxtsiz, talehsiz insanam...", - müğənni Fədayə Məmmədovanın (Laçın) məhkəmədə son sözündəndir.

İki dustağın, o cümlədən münasibətdə olduğu "Qoca" ləqəbli Etibar Məmmədovun Lənkərandan Bakı istintaq təcridxanasına qaytarılarkən qatardan qaçmasına görə həbs olunan Fədayə Laçın və daha 12 nəfərin məhkəməsi yekunlaşır. Dekabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslər son sözlərini deyiblər.

"Silah, narkotik istəsəydi..."

Təcridxanada savadsız, mədəniyyətsiz adamların arasındayam. Hiss edirəm ki, bu, mənə də pis təsir edir, bildiklərim də yadımdan çıxır. Bəziləri deyir, cəza çəkmək vecimə deyil. Amma mənim üçün bir saat da əhəmiyyətlidir.
Fədayə Laçın

Fədayə Laçın deyir ki, bir açara görə həbsxanaya düşəcəyi ağlına gəlməzdi: "Bir insanın kriminal aləmdən kimlərləsə tanışlığının, münasibətinin olması o demək deyil ki, o da cinayətkardır. Bilməzdim ki, bazarda satılan 6 manatlıq açara görə gəlib buralara düşəcəm. O, məndən odlu silah, soyuq silah, narkotik istəsəydi, bilərdim ki, bu cinayətdir, imtina edərdim. Amma açarın cinayət olduğunu bilmirdim. İndi kiməsə çörək verməyə də qorxuram. Fikirləşirəm ki, çörək yemək üçündür, amma yenə də qorxuram...".
Məhkəmədən bağışlanmasını, azadlığa buraxılmasını xahiş edən müğənni bildirib ki, həbsdən çıxsa, Şəhidlər Xiyabanına gedib İlham və Fərizənin məzarı başında öz avazıyla "Yasin" oxumağı əhd edib.

"Təcridxanada savadsız, mədəniyyətsiz adamların arasındayam. Hiss edirəm ki, bu, mənə də pis təsir edir, bildiklərim də yadımdan çıxır. Bəziləri deyir, cəza çəkmək vecimə deyil. Amma mənim üçün bir saat da əhəmiyyətlidir. Himayəmdə doqquz nəfərlik ailəm var. Mən vətənpərvər adam olmuşam, cəbhə bölgəsində, hərbi hissələrdə daim konsertlər vermişəm. Bu, reklam deyil, Vətəndə vətənsiz olan bir insanın içindən gələn hisslərdir...", – müğənni son sözünü yekunlaşdırıb.

Bu hadisəyə görə həbs olunan digər qadın Günay Atakişiyeva əməlindən peşman olduğunu söyləyib. Etibar Məmmədov qaçandan sonra onunla birlikdə taksidə Gürcüstana gedən və Ağstafa ərazisində həbs olunan Günay Atakişiyeva vərəm xəstəliyindən əziyyət çəkdiyini bildirib: "Hörmətli məhkəmə, sizdən mərhəmət gözləyirəm".

Fədayə Laçın
Fədayə Laçın

Taksi sürücüsü Məhəmməd Hacıyev son sözündə bildirib ki, bir parça çörəyə görə işləyirdi, başına bu hadisə gəldi: "Mən də Azərbaycan vətəndaşıyam, Azərbaycan ordusunda - Ağdamın Yusifcanlı kəndində xidmət eləmişəm, Vətəni, analarımızı qorumuşam. Sonra fəhləlik elədim. Ağrılarıma görə fəhləlikdən taksi işinə keçdim. Taksi də Azərbaycanda bir iş deyil. Mən həmişə çörək üçün əziyyət çəkmişəm...".

Digər təqsirləndirilən şəxslər dekabrın 10-da son sözlərini deyəcəklər.

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Onların arasında Penitensiar Xidmətin Konvoy taborunun komandiri polkovnik Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri, müğənni Fədayə Laçın, qaçan dustaqlardan biri Əli Ağami də var.

Bəhruz Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.

İş üzrə daha bir nəfər axtarışdadır.

Etibar Məmmədov (Qoca ləqəbli)
Etibar Məmmədov (Qoca ləqəbli)

Prokuror təqsirləndirilən 13 nəfərə ümumilikdə 110 il həbs cəzası verilməsini istəyib.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.

29 yaşlı Əli Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanılıb. Etibar Məmmədov isə 10 gün sonra əməliyyat nəticəsində öldürülüb.

(c) AzadlıqRadiosu

Fikirləriniz

Show comments

XS
SM
MD
LG