İsrail əsgərlərini sillələyib, onları itələyən 17 yaşlı fələstinli etirazçı Ahed Tamimi 8 ay həbsdə qaldıqdan sonra azad edilib və evinə qayıdıb.
Ahed və onun anası Nariman Tamimi İordan çayının Qərb sahilindəki Nabi Saleh kəndinin sakinləri tərəfindən şüarlar və Fələstin bayraqları ilə qarşılanıblar.
Müqavimət işğal sona yetənə qədər davam edir. Bütün qadın məhbuslar qətiyyətlidir. Mənə və mənim işimə dəstək verən hamını alqışlayıram.Ahed Tamimi
Ahed Tamimi keçən ilin dekabr ayında evinin qarşısında iki İsrail əsgərini sillələdikdən sonra həbs olunmuşdu. Onun anası insidenti videoya çəkib, Facebook sosial şəbəkəsində paylaşmışdı. Video görüntülər sosial şəbəkələrdə dəfələrlə paylaşılmış və Ahed Tamimi İsrailin fələstinlilər üzərində yarım əsrlik hərbi idarəçiliyinə qarşı etiraz simvoluna çevrilmişdi. Qıvrım saçlı yeniyetmə qız bundan sonra beynəlxalq səviyyədə tanınmış bir fiqur olmuşdu.
Lakin İsraildə çoxları Tamimiyə təhrikçi kimi baxır və onun hərbi qüvvələrin müqavimətin qarşısının alınması siyasətinə hədə hesab edir.
“Müqavimət işğal sona yetənə qədər davam edir. Bütün qadın məhbuslar qətiyyətlidir. Mənə və mənim işimə dəstək verən hamını alqışlayıram”, Ahed Tamimi evinə dönərkən bildirib.
Həbsdən azad edilib doğma kəndinə qayıdan yeniyetmə qız daha sonra fələstinlilərin lideri olmuş mərhum Yasir Ərəfatın məzarını ziyarət edib.
Ahed Tamimi həbs edilərkən 16 yaşında idi. Onun 17 yaşı həbsdə tamam olub. Tamiminin həbsi beynəlxalq ictimaiyyətin diqqətinin fələstinli yeniyetmələrin İsrail tərəfindən həbs edilməsi məsələsinə yönəldilməsinə səbəb olub və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən tənqid edilib. Fələstinlilərin verdiyi məlumata görə, hazırda təxminən 300 nəfər yeniyetmə həbsxanalarda saxlanılır.