Accessibility links

Fərid Babayev: Gender-əsaslı zorakılıqla mübarizə fasiləsiz olaraq davam etməlidir


BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev Amerikanın Səsinə müsahibəsində qadın hüquqları, gender-əsaslı zorakılıq, Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlərdən danışıb.

Amerikanın Səsi: Dünyada 10 dekabr, insan haqları günü kimi təqvimə düşüb. Məhz qadın haqları da insan hüquqlarının bir parçasıdır. Dünyada qadınların yaşadığı mühit və şərtlər inkişaf etməkdədir, bəzi sahələrdə yaxşılaşma, bəzi sahələrdə isə vəziyyətin əksinə, pisə doğru getdiyini müşahidə etmək mümkündür. Azərbaycanda bu istiqamətdə vəziyyəti necə dəyərləndirərdiniz?

COVID-19 pandemiyasının mövcud gender bərabərsizliklərini daha da dərinləşdirməsinə dair ilkin dəlillər əldə etdik və bunu hökumət tərəfdaşlarımızla da paylaşdıq.

Fərid Babayev: Bildiyiniz kimi, qadın haqlarının insan haqlarının bir parçası olması 1995-ci ildə keçirilmiş Qadın məsələləri üzrə Pekin Konfransında xüsusilə vurğulanmış və ondan sonrakı dövrdə də qəbul edilmiş bir sıra beynəlxalq çərçivələrdə əksini tapmışdır. Sirr deyil ki, gender bərabərliyi və qadınların hüquq və imkanlarının artırılması bütün dünyada dayanıqlı inkişafa nail olunmasının ilkin və ümdə şərtlərindəndir. Buna görə də, biz gender bərabərliyinin və qadınların hüquq və imkanlarının artırılmasının ölkədə həyata keçirdiyimiz proqramların məğzini təşkil etməsinə xüsusi diqqət ayırırıq. Qəbul etməliyik ki, gender bərabərliyinin ayrıca məqsəd kimi Dayanıqlı İnkişaf Məqsədləri sırasında göstərilməsi hələ də bu sahədə dünyada görüləcək işlərin çox olduğuna işarə edir. Təəssüf ki, Azərbaycan da bu baxımdan istisna təşkil etmir. Təşkilatımızın Azərbaycan hökuməti ilə əməkdaşlığı çərçivəsində apardığı bir sıra tədqiqatlar və topladığı statistik dəlillər də bunu təsdiqləyir. Belə ki, Azərbaycandakı qadınlar əksər məşğulluq sektorlarında həm şaquli, həm də üfüqi təcridedilmə ilə üzləşirlər və təhsil, səhiyyə və sosial xidmətlər kimi “qadınlar üçün yararlı” hesab olunan aşağı məvacibli sektorlarda çoxluq təşkil edirlər. Qadınların hələ də ev işlərinin yükünün əsas hissəsinə görə məsuliyyət daşıması onların təhsil və karyera pillələri üzrə inkişafına maneələr törədir. Bizim üçün bu baxımdan ən çox narahatlıq doğuran məsələlərdən biri də ölkəmizdə oğlan uşağına verilən üstünlük nəticəsində doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasıdır. 2020-ci ilin aprel-may aylarında keçirdiyimiz daha bir araşdırma sayəsində COVID-19 pandemiyasının mövcud gender bərabərsizliklərini daha da dərinləşdirməsinə dair ilkin dəlillər əldə etdik və bunu hökumət tərəfdaşlarımızla da paylaşdıq. Bununla yanaşı, məmnunluqla qeyd etmək istərdim ki, son illərdə apardığımız təşviqat tədbirləri nəticəsində iki əhəmiyyətli çərçivə sənədinin qəbul edilməsi bizdə gender bərabərliyinin təmin edilməsi baxımından ümid yaradır. Belə ki, doğulan uşaqların cins nisbətinin pozulması, habelə məişət zorakılığının qarşısının alınması üzrə milli fəaliyyət planlarının qəbul edilməsini çox əlamətdar hadisələr kimi qeyd etmək istərdim. Və bu istiqamətdə aparılacaq fəaliyyət zamanı Azərbaycan hökumətinə dəstəyimizi davamlı şəkildə vermək niyyətindəyik.

Amerikanın Səsi: Hər il Azərbaycanda BMT-nin Azərbaycan nümayəndəliyinin yaxından iştirakı ilə Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq kampaniyası keçirilir. Bilmək istərdik ki bu kampaniyanın effektivliyi varmı?

Cari 16 Günlük Fəallıq kampaniyası daha çox pandemiya və münaqişədən əziyyət çəkmiş qadın və qızların üzləşdiyi humanitar fəsadların öhdəsindən gələ bilmələrini dəstəkləmək məqsədilə dizayn edilmişdir.

Fərid Babayev: Əfsuslar olsun ki, zorakılıq nəinki əvvəlki dövrlərdə, yaşadığımız müasir dövrdə də geniş rast gəlinən fenomendir. İnkişaf səviyyəsindən asılı olmayaraq dünyanın bütün ölkələrində gender-əsaslı zorakılığın (GƏZ) bu və ya digər növünün təzahürlərinə rast gəlmək mümkündür. Sevindirici hal ondan ibarətdir ki, zorakılıq fenomeni ilə bütün dünyada müxtəlif səviyyələrdə mübarizə aparan çoxsaylı təsisat və mexanizmlər mövcuddur ki bu da nəinki ilin hansısa bir dövrünü əhatə edir, hətta fasiləsiz olaraq həyata keçirilir və davam edir. Dünya səviyyəsində fəaliyyət göstərən bu cür cavab mexanizmlərindən biri də gender-əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyasıdır.

25 noyabr – Qadınlara qarşı zorakılıqla Beynəlxalq Mübarizə Günündə start götürən bu qlobal kampaniya 16 gün ərzində gender-əsaslı zorakılıq və məişət zorakılığına qarşı çeşidli tədbir və fəaliyyətlərlə qeyd olunur. Əlamətdar haldır ki, kampaniyanın son günü də 10 dekabr tarixinə - Beynəlxalq İnsan Hüquqları Gününə təsadüf edir və əslində bununla qadın hüquqlarının insan hüquqları olması bir daha vurğulanır. Bu müddət ərzində dünyanın bir çox ölkələrində hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları və hətta fərdi şəxslər səylərini bir araya qoyaraq cəmiyyəti zorakılıqla mübarizəyə səsləyirlər.

Gender-əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyası Azərbaycanda da hər il geniş miqyasda qeyd olunur. Vurğulamaq istərdim ki, BMT-nin Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən kampaniyaya eyni zamanda bir sıra digər tərəfdaş təşkilatlar da qoşularaq zorakılıqla mübarizəyə öz töhfələrini verirlər. Builki kampaniya ümumən dünyanın COVID-19 pandemiyasını, ölkənin isə artıq başa çatmış son silahlı münaqişəni yaşadığı mürəkkəb bir dövrə təsadüf etmişdir. Bu səbəbdən, cari 16 Günlük Fəallıq kampaniyası daha çox pandemiya və münaqişədən əziyyət çəkmiş qadın və qızların üzləşdiyi humanitar fəsadların öhdəsindən gələ bilmələrini dəstəkləmək məqsədilə dizayn edilmişdir. Belə ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi münaqişənin fəsadlarının aradan qaldırılması istiqamətində hökumətin cavab tədbirlərini dəstəkləyərək qadınlar üçün nəzərdə tutulan gigiyena ləvazimatları və COVID-19-la əlaqəli fərdi qoruyucu vasitələrdən ibarət 400-dək yardım dəstinin tədarükünü və məcburi köçkün düşmüş qadınlara çatdırılmasını həyata keçirmək məqsədilə öz tərəfdaşları ilə səylərini bir araya gətirmişdir. Ağdam və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış qadınlara paylanmış bu dəstlər vasitəsilə həmçinin münaqişənin fəsadlarına məruz qalmış qadın və qızlara gender-əsaslı zorakılıqla əlaqədar mövcud müdafiə və dəstək mexanizmləri, eləcə də BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycan hökumətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş GƏZ-ə qarşı 860 Qaynar Xətti barədə məlumatlar təqdim olunmuşdur.

Bununla yanaşı, kampaniyanın davam etdiyi günlər ərzində BMT-nin Əhali Fondunun və digər BMT agentliklərinin, eləcə də tərəfdaş qurumların sosial media kanalları, həmçinin KİV vasitəsilə gender-əsaslı zorakılıqdan mövcud müdafiə mexanizmləri barədə məlumatlılığın artırılması ilə bağlı işlər də həyata keçirilir.

Əlbəttə, gender-əsaslı zorakılıqla mübarizə ilin müəyyən bir dövrü ərzində deyil, fasiləsiz olaraq davam etməli olan bir prosesdir və BMT-nin Əhali Fondu öz mandatından irəli gələrək bu istiqamətdə çeşidli layihə və fəaliyyətlərin icrası ilə məşğul olur. Lakin GƏZ-ə qarşı 16 Günlük Fəallıq kampaniyası hər birimizə unikal imkan yaradır ki, 25 noyabr – 10 dekabr tarixləri arasında bütün diqqətimizi və səylərimizi məhz gender-əsasli zorakılıq fenomeninin aradan qaldırılmasına və heç kəsin kənarda qalmadığı zorakılıqsız cəmiyyətin qurulmasına yönəldə bilək.

Amerikanın Səsi: Qadın zorakılığının, məişət zorakılğının və qadınlara qarşı diskriminasiyanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Hansı işlək hüquqi mexanizmlər yaradılmalıdır? İstanbul Konvensiyasına qoşulmağı bu problemi necə həll edə bilər?

2016-cı ildə gender münasibətlərinin dinamikasına dair keçirdiyimiz digər bir tədqiqatın nəticələrinə əsasən isə təxminən hər üç kişidən biri (kişilərin 32,5%-i) fiziki zorakılıq hallarını törətdiyini və qadınların 32,1%-i bu növ zorakılığa məruz qaldığını bildirib.

Fərid Babayev: Qadınlara qarşı zorakılığın və ayrı-seçkiliyin qarşısının alınması və aradan qaldırılması məqsədilə təşkil olunacaq tədbirlər və müdaxilələrin fərdi, institusional və struktural səviyyədə aparılması ilkin şərtlərdəndir. Bu müdaxilələri planlaşdırarkən bir neçə əsas məqama diqqət yetirmək zəruridir.

Belə ki, ilk növbədə istənilən sosial problemə dair davamlı və sistematik şəkildə dəlillər və statistik məlumatların əldə edilməsi çox vacibdir. Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin yayılma miqyası, təzahür formaları və əhalinin bu baxımdan istifadə etdiyi öhdəsindən gəlmə strategiyaları və ehtiyacları müəyyən edilməlidir ki, bütün strateji müdaxilələr məhz bu tələb və ehtiyaclara uyğun şəkildə tərtib edilsin. Diqqətinizə çatdırmaq istərdim ki, biz hələ 2008-ci ildə ilk dəfə olaraq qadına qarşı zorakılıq üzrə genişmiqyaslı sorğu keçirdik. Sorğunun əhatə etdiyi bütün sahələrdə aparılan tədqiqat qadınlara qarşı törədilən fiziki, cinsi və emosional zorakılığın travmatik təcrübələrini üzə çıxarmışdır. Tədqiqat göstərmişdir ki, fiziki zorakılıq göstəriciləri regionlar üzrə dəyişirdi. Bu göstərici ölkədə qadınlara qarşı zorakılıq hallarının xarakterik bir hal olmadığını və onun qarşısının alınmasının mümkün olduğunu və bunun üçün qadınlara qarşı zorakılıq riskini artıran sosial və demoqrafik amillərə müxtəlif birbaşa müdaxilə proqramlarına ehtiyac olduğunu göstərir. Tədqiqatın gəldiyi nəticələrə uyğun olaraq erkən nikah halları, rəsmi nikah qeydiyyatının olmaması, tərəflərin təhsil səviyyəsinin aşağı olması həmin amilləri yaradan hallardan yalnız bir neçəsidir. 2016-cı ildə gender münasibətlərinin dinamikasına dair keçirdiyimiz digər bir tədqiqatın nəticələrinə əsasən isə təxminən hər üç kişidən biri (kişilərin 32,5%-i) fiziki zorakılıq hallarını törətdiyini və qadınların 32,1%-i bu növ zorakılığa məruz qaldığını bildirib. Və bu tədqiqat həmçinin gender əsaslı ayrı-seçkilik hallarının zorakılığa necə təkan verdiyinə dair də bizə çox önəmli məlumatlar vermiş oldu.

Bunu nəzərə alaraq, dəlillər və statistik rəqəmlərin toplanması ilə yanaşı geniş miqyaslı və sistematik şəkildə aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinə də böyük ehtiyac var. Gender əsaslı ayrı-seçkiliklə mübarizə məktəb və hətta məktəbəqədər hazırlıq dövründən etibarən başlamalı və tədris-tərbiyə müəssisələrində davamlı şəkildə həyata keçirilməlidir. Bununla yanaşı, geniş əhali qrupları arasında təbliğat məqsədilə kütləvi informasiya vasitələri ilə işin qurulması da böyük önəm daşıyır.

Əldə edilmiş dəlillər və statistik rəqəmlər, həmçinin mövcud normativ və siyasi çərçivənin də təkmilləşdirilməsi baxımından önəmlidir. Bildiyiniz kimi 2010-cu ildə məişət zorakılığının qarşısının alınması üzrə qanun qəbul edilmişdir. Biz bunu çox mütərəqqi hal kimi qiymətləndiririk. Lakin bu günün reallıqları göstərir ki, qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsinə böyük ehtiyac var. Misal üçün, məişət zorakılığının cinayət qanunvericiliyinə daxil edilməsi zəruridir, mühafizə orderlərinin verilməsi prosedurlarının təkmilləşdirilməsinə ehtiyac var və s. Və cari ilin 27 noyabr tarixində qəbul edilmiş məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının bu baxımdan irəliyə atılmış çox mütərəqqi addım olduğunu hesab edirik.

Əlbəttə ki, sadalanan bu önəmli çərçivələrin effektiv şəkildə fəaliyyətinin təmin edilməsi üçün milli institusional bacarıqların artırılması çox vacibdir. Xüsusilə məişət zorakılığı məsələlərində bütün aidiyyatı sahələrdə - səhiyyə, hüquq-mühafizə, ədliyyə, sosial müdafiə və s. sahələr üzrə müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir. Burada ən önəmli məsələlərdən biri də məişət zorakılığından zərərçəkmişlərə sığınacaqların yaradılmasıdır.

Həmçinin, bütün bu sahələr və qurumlar arasında əlaqələndirmə və sıx əməkdaşlığın olması da çox vacibdir. Mən məmnuniyyətlə qeyd etmək istərdim ki, biz bu yaxınlarda məhz Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində gender-əsaslı zorakılıq və məişət zorakılığı ilə bağlı üçrəqəmli milli qaynar xətti (860) yaratmış olduq.

Yekunda diqqətə çatdırmaq istərdim ki, Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 2011-ci ildə qəbul edilmiş İstanbul Konvensiyası gender stereotiplərindən qaynaqlanan qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması, habelə qadınların müdafiəsi üçün hüquqi öhdəlik yaradan beynəlxalq sənəddir. İstanbul Konvensiyası ona qoşulmuş hökumətlərin qadınlara qarşı zorakılığın bütün formaları və məişət zorakılığı ilə mübarizə üzrə hərtərəfli müdaxilə strategiyalarını təmin etməsini tələb edir. Konvensiyanın bütün müddəaları zorakılığın qarşısının alınması, zərərçəkmişə yardımın göstərilməsi və zorakılıq törədənin müvafiq şəkildə təqib edilməsinə dair zəruri tədbirləri özündə ehtiva edir. İnanıram ki, bu Konvensiyanın ratifikasiya edilməsi yuxarıda qeyd etdiyim məsələlərin icrasına ciddi təkan vermək potensialına malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG