Accessibility links

Azərbaycanda 20 Yanvar matəm günüdür [Fotoqalereya]


Şəhidlər Xiyabanı
Şəhidlər Xiyabanı

20 Yanvar Azərbaycanda matəm günüdür. Bu gün minlərlə adam 1990-cı il yanvarın 19-20-də şəhid olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gəlib.

Azərbaycan prezidenti İlham Əliyev, rəsmi şəxslər, müxalifət partiyaları, diplomatik korpusun nümayəndələri də Şəhidlər Xiyabanını ziyarət edir.

Saat 12-də ölkə ərazisində bir dəqiqəlik sükut olur, bütün hərəkət dayanır.

Bütün dini məbədlərdə "qara yanvar" qurbanlarının xatirəsi ilə bağlı tədbirlər keçirilir. Bu gün telekanalların efirində əyləncəli verilişlər yayımlanmır. Bakı metropolitenində matəm musiqisi çalınır, stansiyalarda və eskalatorlarda qırmızı qərənfillər qoyulub.

28 il əvvəl sovet ordusu hissələrinin Bakıya daxil olması dinc əhali arasında çoxsaylı tələfata səbəb olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib. Aksiyada məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.

Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi (DTK)tərəfindən hazırlanaraq həyata keçirilib və "Zərbə" adlanırdı. Əməliyyatda əsas rolu "ALFA" xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.

Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb.

Qeyd edək ki, keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.

1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu o zamankı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırıb: 94 (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə), 149 (əmlakın qəsdən məhv edilməsi), 168 (hakimiyyət və vəzifə səlahiyyətini aşma), 255 (hakimiyyətdən istifadə etmə və aşma).

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkə parlamenti yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib. Sənəddə deyilir ki, 20 Yanvar hadisələrinə görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSRİ-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə düşür.

Azərbaycan Baş Prokurorluğu məlumatında deyilir ki, ilkin istintaq aparan SSRİ Baş Prokurorluğu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmadığını bildirib və işi bağlayıb. İş üzrə materialların, həmçinin ittiham olunan şəxslərin Azərbaycana verilməsi ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına sorğu göndərilib. Lakin Rusiya tərəfi buna cavab verməyib.

XS
SM
MD
LG