Aprelin 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Faiq Əmirli 30 sutka inzibati həbsə məhkum edilib. Bu barədə Səbail rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədriliyi ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (karantin rejimini pozma) pozulmasını əsas gətirərək qərar qəbul edib.
Bu barədə Amerikanın Səsinə fəalın həyat yoldaşı Lalə Əmirli bildirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Faiq Əmirli dünən mülki geyimli bir neçə şəxs tərəfindən zorla saxlanılaraq naməlum istiqamətə aparılıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib ki, Faiq Əmirlinin həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.
Rəsmi qurumlar AXCP fəalının saxlanılması barədə hələ məlumat yaymayıb.
Faiq Əmirli bundan öncə 2016-cı ildə də həbs olunub.
Azadlıq qəzetinin maliyyə direktoru olmuş Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. İlk anlarda Əmirli Türkiyədə fəaliyyət göstərən “Hizmet” Hərəkatının imamı kimi təqdim olunub.
Sonradan, 2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).
Əmirli ittihamı “gülünc və sifariş” adlandırıb.
2017-ci il sentrabrın 15-də Apellyasiya Məhkəməsi onun barəsində 2 il 6 ay şərti cəza təyin edərək məhkəmə zalından azadlığa buraxıb.