Accessibility links

Paşazadənin seçkilərdə İlham Əliyevi dəstəkləmə çağırışı qanunidirmi? [Rəylər]


Allahşükür Paşazadə fevralın 14-də, din xadimləri ilə görüşündə onları qarşıdakı prezident seçkisində YAP-ın namizədi İlham Əliyevi dəstəkləməyə çağırıb:

“Xüsusən din xadimləri, mən sizdən xahiş edərdim ki, məscidlərdə, cümə günlərində, ibadət yerlərində, hətta məclislərdə, siz öz haqq sözünüzü deməyi bacarmalısız, sizin çəkinən yeriniz yoxdur. Mən bunu sizdən xahiş edirəm, xahişdən əlavə bu, nəzarət olunacaq. Baxacam ki, kimlər və nə cür bu məsələlərə gedir”.

APA informasiya agentliyinin məlumatına görə, Allahşükür Paşazadə deyib ki, onlar heç kəsi kiməsə səs verməyə məcbur edə bilməzlər, amma Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, həmçinin, əlavə edib ki, “borcumuz xalqa həqiqəti çatdırmaqdır”.

Faiq Mustafa
Faiq Mustafa

İçəri şəhərdəki cümə məscidinin imamı Faiq Mustafa deyir ki, onların məscidi təmirdədir- buna görə, seçki ərəfəsində bu çağırışa əməl edə bilməyəcəklər. Bununla belə, Faiq Mustafa deyir ki, onların din əhli kimi siyasətə qarışmağı düzgün olmazdı:

"Göstəriş vermək düzgün deyil. Dindarların dövlət işlərinə qarışmasının ixtiyarı yoxdur. Din dövlətdən ayrıdır. Dindar dindardır, dövlət məmurları başqa. Bu işlərə girişmək dindarlara xas olan əməllərdən deyil".

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, qanunla dini birliklərlə təbliğat apara bilməzlər. Onun fikrincə, Allahşükür Paşazadənin bu açıqlaması qanunları pozmaqdır.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

"Seçki demokratik prosesdir və gərək MSK cəmiyyətə açıq şəkildə çatdırsın ki, nəyi etmək olar, nəyi etmək olmaz, bu qurumlar hansı məsuliyyət daşıyır. Bu hallar seçkinin legitimliyinə böyük kölgə salır".

Ələsgər Məmmədli deyir ki, Mərkəzi Seçki Komissiyası bu işə nəzarət etməlidir, açıqlama verməlidir.

Bir neçə müxalifət partiyası və ictimai fəalın birləşdiyi Milli Şuranın sədri Cəmil Həsənli də deyir ki, dindarları seçkidə kimə səs verməyə çağırmaq qanun pozuntusudur, seçkiyə müdaxilədir.

Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsənli iddia edir ki, Qafqaz Müsəlmanları İdarəsi belə müdaxiləni əvvəllər də edib:

"2013-cü ilin prezident seçkiləri vaxtı həcc ziyarəti dövrünə düşmüşdü. Ruhani İdarəsi hətta Məkkədə seçki kabinəsi təşkil etmişdi. Bunu hətta TV-lər də verdi".

Cəmil Həsənli deyir ki, din xadimlərinə qarşı siyasi basqı Sovet dövründən qalma metoddur.

Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev

AzadlıqRadiosu Qafqaz Müsəlmanları İdarəsinin özündən bu bəyanatın səbəbi ilə bağlı cavab ala bilməyib.

Prezidentin köməkçisi Zeynal Nağdəliyev fevralın 15-də bildirib ki, hakimiyyət həmişə çalışır ki, seçkiləri yüksək səviyyədə keçirsin.

“Azərbaycan Prezidentinin siyasi iradəsi Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsinə təkan verib", deyə Zeynal Nağdəliyev bildirib.

XS
SM
MD
LG