Accessibility links

Fərman Ceyranlının həbs müddəti artırılıb


“Lancet” klinikasının həmtəsisçisi, cərrah, hazırda Gürcüstanda həbsdə olan Fərman Ceyranlınının həbs müddətinin artırıldığı deyilir.

Bununla bağlı Demokratik Qüvvələrin Milli Şuranın sədri Cəmil Həsənli iyulun 2-də məlumat yaymışdı. Onun bu məlumatını Fərman Ceyranlının qızı Lalə Hüseynli də təsdiqləyib.

Lalə Hüseynli bildirib ki, Gürcüstan Ali Məhkəməsi Apellyasiya Məhkəməsinin 2018-ci il dekabrın 20-də Fərman Ceyranlının cəzasının 6 ildən 2 il 3 aya endirilməsi barədə qərarını ləğv edib.

Milli Şuranın sədri Cəmil Həsənli avqustun 2-də qeyd etmişdi ki, Gürcüstan Ali Məhkəməsi prokurorluqdan heç bir protest verilmədiyi halda Apellyasiya Məhkəməsinin professor Fərman Ceyranlı haqqında qərarını ləğv edib. Cəmil Həsənli Fərman Ceyranlının məhz bu ay - avqust ayında azadlığa çıxacağını vurğulamışdı: “Məsələ burasındadır ki, Ali Məhkəməyə Gürcüstan prokurorluğu deyil, məhz Fərman Ceyranlı tam bəraət almaq üçün müraciət etmişdi... ”.

Cəmil Həsnli hesab edir ki, bu Azərbaycan hakimiyyətinin sifarişi ilə baş verib: “ Əfqan Muxatrlının Tbilisi küçələrindən oğurlanmasından sonra Azərbaycan hakimiyyətinin sifarişi ilə Gürcüstanda növbəti rəzalət baş verib...”

Ancaq bütün bu deyilənlərə, hələlik, Gürcüstan Ali Məhkəməsi və başqa rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Bu yaxınlarda Azərbaycan da “Lancet” klinikasının həmtəsisçisi, cərrah, hazırda Gürcüstanda həbsdə olan Fərman Ceyranlını axtarışa verilmişdi.

Onun axtarışa verilməsi barədə elan Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib.

“Barəsində Azərbaycan Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır” - elanda yazılmışdı.

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib.1995-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda “Lancet” klinikasının yaradıcılarından biri olub və 2017-ci il mayın 22-də həbs edilib.Fərman Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu.Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.Tbilisi Şəhər Məhkəməsi ötən il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqqında hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.

Fərman Ceyranlı ittihamı qəbul etməyib və bildirib ki, Azərbaycandan verilən sifarişlə həbs edilib. O bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib.

2018-ci ilin dekabr ayında isə Gürcüstan Apellyasiya Məhkəməsinin qərarı ilə Fərman Ceyranlı barəsində 6 il azadlıqdan məhrumetmə cəzası 2 il 3 ayadək azaldılıb. Fərman Ceyranlının məhkəmədəki qeyd edilən açıqlamasına həmin vaxt nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, Fərman Ceyranlının siyasi baxışlarına görə həbs edildiyini deməsinin heç bir əsası yoxdur.

Jurnalist Əfqan Muxtarlı isə Gürcüstandan oturum izni almışdı. Ancaq 2017-ci il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.

Gürcüstan baş naziri və daxili işlər naziri də Əfqan Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər.

XS
SM
MD
LG