Accessibility links

Əlirza Fərşi Tehranın Evin həbsxanasına köçürülüb


Türk dil haqları müdafiəçisi, Əlirza Fərşi iki ay yarım təhlükəsizlik qüvvələrinin nəzarətində qaldıqdan sonra martın 19-da Tehranın Evin həbsxanasına köçürülüb.

İranda insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi və bəzi hüquq müdafiə fəalları bu haqda məlumat yayıblar.

İran Azərbaycanının Mərənd şəhərindən olan və Tehranda yaşayan siyasi fəal və türk dili haqları müdafiəçisi olan Əlirza Fərşi 72 gün Evin həbsxanasının istintaq bölməsində təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra həmin həbsxananın 4-cü bölməsinə köçürülüb.

Əlirza Fərşi yanvarın 7-də Tehranda iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Tehranın Evin həbsxanasının təhlükəsizlik qüvvələrinə aid 209-cu hissəsinə köçürülmüşdü.

Əlirza Fərşi digər 4 milli fəal ilə birlikdə 2014-cü ilin fevral ayında Dünya Ana dili gününü qeyd etdikləri zaman təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş, daha sonra Baharistan şəhərinin İnqilab Məhkəməsi tərəfindən fəallara 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün hökmü çıxarılmışdı.

Həmin hökmə görə, Əlirza Fərşi 15 il həbs və Xuzistan vilayətinin Bağməlik şəhərində 2 il sürgündə yaşamağa məhkum edilmişdi. Ancaq daha sonra milli fəallar Tehranin apelyasiya məhkəməsinə müraciət etdikdən sonra birinci məhkəmənin verdiyi həbs hökmü 2 ilə endirilmiş, ancaq sürgün cəzası təsdiqlənmişdi.

Əlirza Fərşinin son illər İran Azərbaycanının ucqar kəndlərində kənd kitabxanalarının qurulması və həmin kitabxanaları türkcə kitablar ilə təmin etmək kimi fəaliyyətləri diqqət çəkirdi.

Baharistan şəhərinin İnqilabi Məhkəmələrin 2. İcra şöbəsi həmin 5 milli fəalı həbs hökmlərin icra olunması üçün çağırmışdı.

İranda Koronavirus epidemiyasının yayılmasından sonra məhkəmə sistemi 70 min məhbusun müvəqqəti sərbəst buraxıldığını bildirdi.

Son zamanlar Əli Xameneyi İranın ali dini lideri hökümət tərəfindən “təhlükəsizlik məhbusları” adı verilən siyasi məhbusların bəzilərinin azad buraxılması ilə bağlı sərəncam vermişdi, ancaq bir sıra azərbaycanlı siyasi məhbus buraxılsa da, bir çoxu hələ də həbsxanalardadır.

Mart ayının 11-də 161 milli-mədəni fəal, koronavirus təhlükəsindən dolayı siyasi məhbusların sərbəst buraxılmasını məhkəmə sisteminin sədrinə məktub ünvanlayaraq tələb etmişdilər.

Əlirza Fərşi daha öncə də dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək ağır həbs cəzalarına məhkum edilib. 2017-ci ildə ilkin məhkəmədə 15 il həbs və 2 il sürgün cəzasına məhkum olunan güneyli fəal üçün Amnesty International təşkilatı bəyanat yayaraq onun hökmünün ləğv edilməsini tələb etmişdi.

XS
SM
MD
LG