Accessibility links

Fauçi amerikalılara xəbərdarlıq edib


Birləşmiş Ştatlarda koronavirusa yoluxma halları 3 milyona çatdığı bir vaxt, ölkənin yoluxucu xəstəliklər üzrə eksperti çərşənbə axşamı amerikalılara ölüm hallarının azalmasının onlarda “yanlış rahatlıq hissi” yaratmaması barədə xəbərdarlıq edib.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Dr. Antoni Fauçi deyib: “Aşağı ölüm hallarına görə rahatlamaq yanlışdır. Bu virusun çox sayda başqa təhlükəli və pis tərəfləri var, ona görə də, səhv yerə rahatlaşmayın.”

Cons Hopkins Universitetinin çərşənbə gününə olan məlumata görə, ABŞ-da COVID-19-dan 131 457 ölüm halı qeydə alınıb. Prezident Donald Tramp çərşənbə axşamı Twitter hesabında “Koronavirusdan ölüm halları on qat azalıb!” yazıb.

Lakin Fauçi həftənin əvvəlində xəbərdarlıq edib ki, Birləşmiş Ştatlarda hələ də pandemiyanın birinci dalğasını yaşanır.

Fauçinin ABŞ-da koronavirus pandemiyası ilə bağlı vəziyyətə dair xəbərdarlığı Tramp administrasiyasının Birləşmiş Millətlər Təşkilatına Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılması ilə bağlı rəsmi göstəriş göndərdiyi günə təsadüf edib.

Təşkilatının qanunlarına əsasən, Birləşmiş Ştatların ÜST-dən rəsmi olaraq çıxması bir il vaxt çəkəcək. Prezidentliyə Demokrat namizəd, sabiq vitse-prezident Co Bayden deyib ki, o, noyabr ayında prezident seçilsə səhiyyə təşkilatına yenidən qoşulacaq.

Bu arada isə Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə axşamı koronavirusun hava yolu ilə yoluxduğunu qəbul edib və infeksiyadan qorunmaqla bağlı yeni tövsiyyələri irəli sürməyi planlaşdırır.

32 ölkədən 239 alimdən ibarət bir qrup bazar ertəsi açıq məktub yazaraq, təşkilatı xəstəliyin insanlar arasında necə yoluxduğu ilə bağlı tövsiyyələrini nəzərdən keçirməyə çağırıb.

Alimlər koronavirusun hava yolu ilə yoluxduğunu deyir, bu isə o deməkdir ki, virus hissəcikləri bağlı məkanlarda havada qalır və həmin yerdə nəfəs alan insanlar xəstəliyə yoluxa bilirlər.

ÜST virusun xəstəliyə yoluxan insan öskürdüyü və ya asqırdığında havaya buraxılan daha böyük damcılar vasitəsilə yoluxduğunu, amma bu damcıların böyük ölçüdə olduğu üçün tez bir zamanda havadan yerə düşdüyünü bildirmişdi.

XS
SM
MD
LG