ABŞ-ın yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssisi çərşənbə axşamı Birləşmiş Ştatlarda daha çox peyvəndin tam təsdiq olunması ilə COVID-19 infeksiyasının 2022-ci ilin əvvəlinə qədər qarşısının alına biləcəyini deyib.
Doktor Antoni Fauçi bu açıqlamanı Pfizer peyvəndinin ABŞ-ın Ərzaq və Dərman İdarəsindən tam təsdiq almasından bir gün sonra verib.
"Hələ peyvənd edilməmiş, vaksinasiyadan çəkinən və ya imkanı olmayan 80-90 milyon insanın böyük əksəriyyəti peyvəndlənsə, inanıram ki, tunelin sonunda işıq görə bilərik" - deyə, Fauçi NBC News-un "Bu gün" proqramında bildirib.
Fauçi hökumətin önümüzdəki həftələrdə Moderna və Johnson & Johnson peyvəndlərini tam olaraq təsdiqləməsi və uşaqların bu payızda peyvənd edilməsinə icazə verilməsi ehtimalını şərh edərək, "bu prosesi geri döndərə bilərik" deyib.
Koronavirusa qarşı Pfizer peyvəndinin tam federal təsdiq aldığı elan edildikdən sonra ABŞ-da daha çox məkanlarda və eləcə də təşkilatlar vaksinasiya sənədinini tələb etməyə başlayacağını qeyd edib.
Cons Hopkins Universitetinin Koronavirus Araşdırma Mərkəzinin məlumatına görə, ABŞ təxminən 38 milyon yoluxma və 630 min ölüm halı ilə dünyada birinci yerdə qalmaqda davam edir.
Qobal səviyyədə koronavirusa yeni yoluxma dalğasının qarşısının alınması məqsədilə ABŞ İordan çayının qərb sahili və Qəzzadakı fələstinlilərə yarım milyon doza Moderna peyvəndi göndərərək yardım edib.
ABŞ-ın Qüdsdəki səfirliyinin bir hissəsi olan ABŞ Fələstin şöbəsi Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Ştayyenin peyvənd edilməmiş hökumət işçilərinin ödənişsiz məzuniyyətə çıxarılacağını deməsindən bir gün sonra çərşənbə axşamı günü yardım edildiyini elan edib.