New York Times qəzetinin bildirdiyinə görə, ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) sentyabrın əvvəlinə qədər COVID-19-a qarşı olan Pfizer peyvəndinin tam istifadəsinə icazə verməyi hədəfləyir.
ABŞ-ın Ərzaq və Dərman İdarəsi Pfizer-in Almaniyada yerləşən BioNTech şirkətilə birlikdə hazırladığı iki dozalı peyvəndin təcili istifadəsinə icazəni keçən noyabr ayında verib.
Bu, Moderna-nın iki dozalı və Johnson & Johnson tərəfindən hazırlanan tək dozalı versiya ilə yanaşı, ABŞ-da istifadə olunan üç COVID-19 peyvəndindən biridir.
Qəzet ABŞ-da COVID-19-un çox yoluxucu Delta variantından qaynaqlanan yeni koronavirus infeksiyasıları və xəstəxanaya yerləşdirilən insanların sayı artdığına görə Ərzaq və Dərman İdarəsinin iki dozalı peyvəndi tam təsdiq etmək üçün normal prosesi sürətləndirdiyini bildirib.
Son zamanlar yeni infeksiyalar əsasən peyvənd olunmamış insanlar arasında artmağa başlayıb. The New York Times Kaiser Family Foundation səhiyyə araşdırmaları qrupu tərəfindən aparılan son anketlərin nəticələrinə istinadən bildirib ki, ABŞ-da peyvənd edilməmiş hər 10 insandan üçü istifadəsi tam şəkildə təsdiqlənmiş peyvəndi vurmaq ehtimallarının daha yüksək olduğunu deyir.
Yoluxma hallarında qeydə alınan artım ictimai və özəl müəssisələri bütün işçilərini peyvənd olmağa məcbur etməyə vadar edib. Bundan əlavəd ABŞ prezidenti Co Bayden də federal hökumətin bütün işçilərinə peyvənd olmaq göstərişi verib.
Pfizer COVID-19 peyvəndinin tam istifadəsinin təsdiq olunması üçün may ayının 7-də, Moderna isə iyunun 1-də müraciət edib. Johnson & Johnson bu ilin sonunda tam təsdiq üçün müraciət etməyi planlaşdırdığını bildirib.