Accessibility links

Əlirza Fərşi Böyük Tehran həbsxanasının Hüseyniyə bölməsinə köçürülüb


Böyük Tehran həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşi bu həbsxananın Hüseyniyə bölməsinin 9-cu hissəsinə köçürülüb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyəti bu barədə məlumat yayıb.

HRA xəbər agentliyinin yaydığı məlumata görə, oktyabr ayının 8-də Böyük Tehran həbsxanasının 2-ci briqadasında saxlanılan bir sıra siyasi məhbus zorakı cinayətlərdən məhkum olan məhbuslar tərəfindən döyülüblər.

Bu hadisə nəticəsində bir çox siyasi məhbus yaralanıb və bəziləri müalicə üçün həbsxananın sağlamlıq mərkəzinə yerləşdirilib.

Hadisənin baş verdiyi gün həbsxananın bu bölməsinin telefon əlaqələri müvəqqəti olaraq kəsilib.

Əlirza Fərşi cinayətlərin ayrılması prinsipi tətbiq edilmədən başqa siyasi məhbuslarla bərabər adı keçən briqadada saxlanılırdı.

Daha əvvəl Böyük Tehran həbsxanasının 2-ci briqadasında saxlanılan siyasi məhbuslar həbsxana rəsmiləri ilə görüşlərdə cinayətlərin ayrılması prinsipinin yerinə yetirilməməsini tənqid edərək, digər palatalara köçürülmələrini istəmişdilər.

O, 2014-cü ildə Tehran şəhərində beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bir mərasimdə iştirak etdiyinə görə ona qarşı çıxarılan 2 illik həbs cəzasını çəkməkdədir. Fərşi keçən ilin yanvar ayında həbsdə ikən yeni qaldırılan iddia əsasında "milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq" ittihamı ilə 3 il 6 ay və "sistemə qarşı təbliğat aparmaq" aparmaq ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilib.

Məhkəmə həbs cəzasına əlavə olaraq Fərşiyə 2 il ictimai fəaliyyətlərdən məhrumiyyət və Tehran bələdiyyəsində 2 ay məcburi ağır iş hökmü vermişdi.

Əlirza Fərşi indiyədək dəfələrlə dinc fəaliyyətlərinə görə iranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin fərqli məhkəmələri tərəfindən müxtəlif cəzalara məhkum edilib.

XS
SM
MD
LG