Accessibility links

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək


Seçki
Seçki

Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edəcək. Səsvermə Bakı vaxtı ilə saat 8-də başlayacaq və saat 19-da başa çatacaq.

Mərkəzi Seçki Komissiyası seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə 5 dəfə (saat 10-da, 12-də, 15-də, 17-də, 19-da) ictimaiyyətə məlumat verəcək.

Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib. 19 siyasi partiya seçkilərdə iştirak edir.

Seçki Məcəlləsinə görə, seçki günü səsvermənin ilkin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokollarındakı məlumatlar Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin internet saytında yerləşdiriləcək.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkiləri izləmək üçün 59 beynəlxalq təşkilatdan 900-ə yaxın beynəlxalq müşahidəçi, habelə çoxsaylı siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən və fərdi qaydada seçkilərin müşahidəsinə qoşulan 78000-ə yaxın yerli müşahidəçi akkreditasiyadan keçib.

Seçkiləri həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçisi müşahidə edir. Seçki günü Avropa Şurası Parlament Assambleyasının və ATƏT Parlament Assambleyasının müşahidəçiləri də DTİHB-nin müşahidəçiləri ilə birlikdə səsvermə prosesini izləyəcək.

Bu gün, fevralın 8-də ölkədə “sükut günü”dür, təşviqat kampaniyası Bakı vaxtı ilə saat 8-dən dayandırılıb.

Aparıcı müxalifət qurumlarından Milli Şura və Xalq Cəbhəsi Partiyası, o cümlədən Haqq Ədalət Partiyası seçkiləri boykot edir. Bu siyasi qurumlar seçkiqabağı mühitin demokratik seçkilər keçirilməsinə imkan vermədiyini bəyan edib.

Bununla yanaşı, müxalifətdə olan Müsavat və Real Partiyaları seçkilərə qatılıb. Bu qurumlar demokratik seçki mühiti yaradılması üçün seçkilərdə iştirakın vacibliyini bildirir.

Hökumət və Mərkəzi Seçki Komissiyası isə ölkədə demokratik seçkilərin keçirilməsi üçün bütün imkanların yaradıldığını bəyan edib.

XS
SM
MD
LG