Accessibility links

Roma Papası uşaq əməyinə qarşı mübarizəyə çağırır


Çərşənbə günü Roma Papası Frensis hökumətləri uşaq əməyinə qarşı mübarizə aparmağa çağıraraq, oyunlar oynamalı olan uşaqların böyüklər kimi işləməsinin və ya satacaq bir şey tapmaq üçün zibilliklərə getməsinin dəhşətli olduğunu söyləyib.

Həftəlik ümumi auditoriyası qarşısında çıxış edən Frensis eyni zamanda bir çox ölkələrdə insanların qeyri-rəsmi, yeraltı iqtisadiyyatda istismar edildiyindən, müavinət və ya qanuni müdafiə olmadan işləməsindən təəssüflənib.

"Gəlin əməyin qurbanlarını, işləməyə məcbur edilən uşaqları düşünək. Bu, dəhşətlidir", o deyib.

BMT-nin Beynəlxalq Əmək Təşkilatının (BƏT) keçən ilki hesabatında, 2020-ci ildə dünyada əməyə cəlb olunan uşaqların sayının təxminən 160 milyon nəfərə çatdığı bildirilib.

"Oyunlar oynayan yaşda olan uşaqlar böyüklər kimi işləmək məcburiyyətindədirlər. Gəlin fikirləşək o uşaqları, kasıb balacaları, ticarət etmək və ya satmaq üçün faydalı bir şey axtaran zibilliklərdə gəzənləri"- deyə, Roma Papası qeyd edib.

BMT-nin uşaq agentliyi UNICEF ilə birlikdə hazırlanmış BƏT hesabatında, azyaşlı əməyinin dayandırılması istiqamətində irəliləyişin COVID-19 pandemiyasının başlanğıcında 20 ildə ilk dəfə olaraq dayandığı və əvvəlki azalma tendensiyasının geri qayıtdığı bildirilib.

Papa Frensis işsizliyin "sosial ədalətsizlik" olduğunu bildirib. Onun sözlərinə görə, işsizlər üçün sədəqə və yardımların vacib olmasına baxmayaraq, qarınlar doyur, lakin ləyaqəti qorumaq mümkün olmur.

"Hökumətlər hər kəsə öz çörəyini qazanmaq imkanı verməlidir, çünki bu, onlara ləyaqət verir. İş insanları ləyaqətlə məsh edir" - o deyib.

BƏT-in məlumatına görə, Afrika dünyada ən çox uşaq işçiyə malikdir, təxminən 72 milyon nəfər və onların təxminən 43 faizi təhlükəli işlərdə işləyir.

Frensis tamaşaçılardan işsizlərin, istehsalat qəzalarının qurbanlarının və pandemiya səbəbindən işlərini itirdikdən sonra öz həyatlarına qəsd edənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.

XS
SM
MD
LG