Accessibility links

Filip Riker Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb


Filip Riker
Filip Riker

Bu gün, iyunun 8-də Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdə Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və "Vətəndaş" İctimai Birliyinin sədri Günel Səfərova iştirak edib.

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Amerikanın Səsinə bildirib ki, görüşdə Azərbaycanda insan hüquqlarının mövcud durumu, birləşmək, toplaşmaq, ifadə, fikir, media azadlığı, siyasi məhbus problemi, vətəndaş cəmiyyətinin durumu ətrafında fikir mübadiləsi aparılıb.

“Həm də prioritet məsələ kimi postkonflikt dövründə vətəndaş cəmiyyətinin rolu, birgə yaşayış, sülh yaradıcılığı mədələləri diqqət mərkəzində oldu,” o qeyd edib.

Cəfərovun sözlərinə görə, vətəndaş cəmiyyətinin təmsilçiləri ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin çoxsaylı suallarına cavab verib.

ABŞ Dövlət Departamentinin verdiyi açıqlamaya görə, Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker 6-13-iyun tarixlərində Gürcüstan, Azərbaycana və Ermənistana səfər edir. Səfər zamanı onun ikitərəfli və regional prioritetləri inkişaf etdirmək və ABŞ-ın bölgədəki demokratik və iqtisadi inkişafa dəstəyini ifadə edəcəyi gözlənilir.

XS
SM
MD
LG