Accessibility links

Filippin və Rusiya jurnalistlərinə Osloda Nobel Sülh Mükafatı təqdim ediləcək


Biri Filippindən, digəri isə Rusiyadan olan iki jurnalist 2021-ci il Nobel Sülh Mükafatını cümə günü Osloda keçiriləcək mərasimdə alacaq.

Norveç Nobel Komitəsi onları mətbuat azadlığının müdafiəsi səylərə görə təqdir etdiyini bildirib.

Nobel Sülh Mükafatı Filippində mətbuat azadlığı uğrunda apardığı mübarizəyə görə çoxsaylı mükafatlar almış filippinli-amerikalı jurnalist Mariya Ressanın daha bir mükafatıdır.

Mariya Ressa
Mariya Ressa

Ressa Norveçin paytaxtı Osloya gedərkən çərşənbə axşamı Manila hava limanında jurnalistlərə deyib: “Mən xoşbəxtəm (Nobel Sülh Mükafatını qəbul etdiyim üçün), bəli, həm də qəzəbliyəm və daha yaxşı gələcəyə ümid edən bir tərəfim var.“

Həbslər

Ressa Filippin səlahiyyətliləri tərəfindən lisenziyası dayandırılmış Rappler xəbər saytının təsisçisidir. O, prezident Rodriqo Dutertenin açıq tənqidçisidir və hökumətin narkotiklərə qarşı tez-tez ölümcül müharibəsini araşdırması onu səlahiyyətlilərlə toqquşdurub.

Ressa bir neçə dəfə həbs edilib, ən son 2020-ci ildə "kiber böhtan"da təqsirli bilinərək altı il həbs cəzasına məhkum edilib. O, hazırda zaminə buraxılıb.

Çərşənbə günü Filippin hökumətinin enerji naziri Alfonso Cusi tərəfindən ona və digər altı xəbər təşkilatına qarşı əlavə böhtan ittihamları irəli sürülüb. Ümumilikdə, Ressa Filippin dövlətinin qaldırdığı yeddi ayrı məhkəmə işi ilə üz-üzədir.

Bu həftənin əvvəlində Manila məhkəməsi Ressanın uçuş riski olmadığına qərar verərək Osloya getməyə icazə verib.

Rusiya

Ressa 2021-ci il mükafatını rusiyalı jurnalist, "Novaya qazeta" qəzetinin baş redaktoru Dmitri Muratovla bölüşür. O, Rusiya prezidenti Vladimir Putini tez-tez tənqid edir.

Dmitri Muratov
Dmitri Muratov

2000-ci ildən bəri “Novaya qazeta”nın altı jurnalisti, o cümlədən baş araşdırmaçı müxbiri Anna Politkovskaya işlərinə görə öldürülüb. O, Çeçenistandakı müharibələr, o cümlədən Rusiya hərbi qüvvələrinin zorakılıqları haqqında geniş yazıb.

Politkovskaya 2006-cı ildə Moskvada qətlə yetirilib.

Keçmiş sovet lideri və Nobel Sülh Mükafatı laureatı Mixail Qorbaçov “Novaya qazeta”nın həmtəsisçisi olub. Qorbaçov Muratovu “cəsarətli” jurnalist adlandırıb.

Muratov qələbəsindən xəbər tutandan sonra oktyabrda jurnalistlərə açıqlama verib.

"Bizim üçün bu mükafat mərhum həmkarlarımızın xatirəsinin anımı deməkdir" - deyə, o bildirib.

Putin

Oktyabr ayında Putinə Muratovun Nobel mükafatı ilə bağlı sual verilib.

“Əgər o, Nobel mükafatının arxasında gizlənməyə, ondan Rusiya qanunlarını pozmaq üçün qalxan kimi istifadə etməyə çalışsa, bunu özünə və ya başqa səbəbdən diqqət cəlb etmək üçün qəsdən etmiş olacaq”, - Putin deyib.

1935-ci ildən bəri ilk dəfədir ki, Nobel Sülh Mükafatı jurnalistlərə verilir. Mətbuat azadlığının müdafiəçiləri bu qərarı alqışlayır.

Azad mətbuat

“Əgər siz yaşadığınız cəmiyyəti formalaşdıra bilmək, liderləri məsuliyyətə cəlb etmək, iqlim dəyişikliyi kimi problemlərin həlli və ya bu pandemiyadan çıxış yolumuz haqqında fikirləşirsinizsə, o zaman jurnalistlərə ehtiyacınız var. Jurnalislər işini görə bilməsə, məlumatı hardan alacaqsınız? - deyə, Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon oktyabrda Reuters xəbər agentliyinə müsahibəsində sual edib.

Həm Filippin, həm də Rusiya hökumətləri jurnalistləri hədəf alqıqlarını və ya azad mətbuatı boğduqlarını rədd edir.

XS
SM
MD
LG