Accessibility links

Finlandiya Rusiya ilə sərhəd-keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlayır


Finlandiya hökuməti cümə axşamı Rusiya ilə quru sərhəd keçidlərinin bağlanması müddətini qeyri-müəyyən vaxta qədər uzadacağını və bir neçə limana Rusiya Federasiyasından girişin qadağan olunduğu siyahıya əlavə edəcəyini bəyan edib.

Finlandiya Suriya və Somali kimi ölkələrdən gələn miqrantların sayının artması fonunda Rusiya ilə quru sərhədlərini keçən ilin sonlarında bağlayıb. Helsinki Moskvanı miqrantlardan sərhəddə sabitliyi pozmaq üçün istifadə etməkdə ittiham edir.

"Finlandiya hakimiyyəti bunu uzunmüddətli bir vəziyyət kimi qiymətləndirir. Bu bahar biz vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyi qənaətinə gəlməyə imkan verəcək heç nə görmədik" - deyə, daxili işlər naziri Mari Rantanen bildirib.

Fevral ayında Finlandiya hökuməti sərhədlərin aprelin 14-dək bağlı qalacağını açıqlamışdı.

Sərhədin bağlanmasınsa baxmayaraq, Rusiyadan sığınacaq axtaranlar gəlməkdə davam edir. Finlandiya hökuməti hesab edir ki, baharın gəlişi ilə onların sayı xeyli arta bilər.

Rantanen "Rusiya tərəfdə Finlandiya sərhədinə yaxın yüzlərlə, bəlkə də minlərlə insan var ki, onlardan Finlandiyaya qarşı istifadə oluna bilər" deyib.

Finlandiya Sərhəd İdarəsinin bildirdiyinə görə, keçən ilin avqust-dekabr ayları ərzində Rusiyadan ölkəyə Yəmən, Somali və Suriyadan olan 1300-dən çox sığınacaq axtaran insan gəlib. Bundan əvvəl onların sayı orta hesabla gündə bir nəfər idi.

Forum

XS
SM
MD
LG