Accessibility links

Yardım daşıyan gəmidəki yük Qəzzaya endirilir; HƏMAS yeni atəşkəs təklif edir


Kiprdən yeni dəniz dəhlizi ilə yardım daşıyan ilk gəmi cümə günü çox ehtiyac duyulan ərzaqları Qəzzaya endirməyə başlayıb. Bu arada isə HƏMAS müharibədə altı həftəlik atəşkəs təklif edib.

AFP-nin video görüntülərində Open Arms adlı gəminin çərşənbə axşamı Kiprdən yola düşdüyü göstərilib. İspaniyanın eyni adlı xeyriyyə təşkilatının dediyinə görə, gəmi beş aydır davam edən müharibədə aclıq təhlükəsi ilə üzləşən qəzzalılar üçün 200 ton ərzaqla dolu barja daşıyır.

Open Arms ilə işləyən ABŞ-ın xeyriyyə təşkilatı World Central Kitchen bildirib ki, Kiprin Larnaka limanında lobya, konservləşdirilmiş ət, un, düyü və xurma ilə təhciz olunan başqa bir gəmini yola salmağa hazırlaşır. Ancaq təşkilat Qəzzaya yardım çatdırmaq üçün daha çox nəqliyyat yoluna çıxışa ehtiyacın olduğunu vurğulayıb.

“Bizim ambisiyamız Qəzzaya yardım yolunu açmaqdır,” qrupdan Huan Kamilo Himenez sosial media platforması X-də yayımlanan videoda söyləyib.

İsrail ordusu yardım yükü endirildiyi zaman liman ətrafındakı “ərazini qorumaq” üçün qoşun göndərdiyini bildirib. “Gəmi hərtərəfli təhlükəsizlik yoxlanışından keçib,” ordu deyib.

HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin sözçüsü şənbə günü bildirib ki, son 24 saatda Qəzza boyu 123 nəfər, o cümlədən mərkəzdə yerləşən Nüseyratda didərgin düşən insanların sığındığı evə zərbə nəticəsində 36 nəfər öldürülüb.

Şahidlər Qəzza zolağının cənubunda əsas şəhər olan Xan Yunisdə, habelə humanitar vəziyyətin xüsusilə ağır olduğu şimal bölgələrində hava hücumları və döyüşlərin getdiyi barədə məlumat verib.

Müsəlman ibadətçilər Ramazan ayının ilk cümə gününü qeyd etdiyi bir vaxtda, minlərlə insan İsrail tərəfindən ilhaq edilmiş şərqi Qüdsdəki Əl-Əqsa məscidində təhlükəsizlik qüvvələrinin iştirakı və girişə məhdudiyyətlər fonunda namaza qatılıb.

“Bu il ilk dəfədir ki, mən bu qədər qüvvə (polis) görürüəm və onların gözləri…İki il öncə mən onlarla mübahisə edə bilirdim, amma indi…onlar bizə heç imkan vermir,” 44 yaşlı dülgər Amcad Qalib deyir.

AFPTV-nin görüntülərində Qəzzanın cənubunda hələ ki, quru hücumun olmadığı Rəfahda ibadətçilərin dağlmış məscdin qalıqları yaxınlığında namaz qıldıqları göstərilib.

İsrail baş naziri Benyamin Netanyahunun ofisi cümə günü bildirib ki, o, ordunun Qəzza zolağı əhalisinin əksəriyyətinin sığındığı Rəfaha əməliyyat planını təsdiqləyib, amma onun zamanı ilə bağlı təfərrüat verməyib.

Mülki əhalinin qorunmasına dair ağlabatan plan olmadan Rəfaha hücumun “qırmızı xətt” olacağını söyləyən Ağ Ev resmiləri bildirib ki, onlar Netanyahunun təsdiq etdiyi planı hələ ki, görməyiblər.

“Biz onu görmək fürsətini alqışlayararıq,” Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib və əlavə edib ki, Birləşmiş Ştatlar bir milyondan çox qəzzalı üçün sığınacağ təmin edəcək “ağlabatan” təklifin olmadığı heç bir planı dəstəkləyə bilməz.

Sülhə ‘əngəl’

HƏMAS yeni atəşkəs və girov razılığının əldə olunmasına yönəlmiş danışıqlarda altı həftəlik atəşkəs və onlarla israilli girovun fələstinli məhbuslarla mübadiləsini təklif edib. Bu barədə militant qrupun rəsmisi AFP-yə məlumat verib.

Rəsmi deyib ki, HƏMAS bu razılığın “(İsrailin) Qəzza zolağından tamamilə geri çəkilməsi və daimi atəşkəsə” gətirib çıxarmasını istərdi.

Rəsminin sözlərinə görə, təklifə 42 girovun azad edilməsi və onların müqabilində hər girov üçün 20 ilə 50 arasında fələsinli məhbusun sərbəst buraxılması daxildir ki, daha əvvəl onlar bir girov müqabilində təxminən 100 məhbusun azad edilməsini təklif etmişdi.

Fələstinli militantlar HƏMAS-ın oktyabrın 7-də hücumu zamanı təxminən 250 israilli və xarici vətəndaşı girov götürüb. Onlarla girov noyabr ayında bir həftə davam edən atəşkəs zamanı sərbəst buraxılıb. İsrail Qəzzada təxminən 130 girovun qaldığına və onlardan 32-nin öldüyünə inanır.

İsrail yeni danışıqlar üçün Qətərə nümayəndə heyəti göndərdiyini bildirib.

Ağ Ev rəsmiləri deyib ki, onlar atəşkəs ehtimalına “ehtiyatlı nikbinlik”lə yanaşırlar, amma vurğulayıblar ki, danışıqların yekunlaşmasına hələ çox var.

“Biz işlərin doğru istiqamətdə irəlilədiyinə dair ehtiyatlı nikbinik,” Kirbi deyib və əlavə edib ki, HƏMAS-ın təklifi vasitəçilərin son aylarda müzakirə etdikləri “hüdudlar daxilində”dir.

İsraili milyardlarla dollar hərbi yardımla təmin edən Birləşmiş Ştatlar müharibəni idarə etmə yolu səbəbilə Netanyahunu getdikcə çox tənqid edir.

ABŞ Senatının lideri Çak Şumer İsraildə növbədənkənar seçkilərə çağırıb və Netanyahunu sülhün qarşısındakı bir neçə “əsas əngəl"dən biri kimi təsvir edib. ABŞ Prezidenti Co Bayden onun bu nitqini tərifləyib.

“Məncə o, təkcə onun deyil, bir çox amerikalının ciddi narahatlığını ifadə etdi,” Bayden deyib.

Netanyahunun sağçı Likud partiyası cavab olaraq bildirib ki, İsrail “banan respublikası deyil, müstəqil və qürurlu demokratiya”dır.

Forum

XS
SM
MD
LG