Accessibility links

Əfqanıstanın qərbində daşqınlar ən azı 50 nəfərin ölümünə səbəb olub


Firozkoh, Qor vilayəti. 18 may, 2024.
Firozkoh, Qor vilayəti. 18 may, 2024.

Taliban rəsmisinin şənbə günü bildirdiyinə görə, Əfqanıstanın qərbində ağır mövsumi yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində ən azı 50 nəfər ölüb, onlarla insan itkin düşüb. O əlavə edib ki, tələfat sayı arta bilər.

Əfqanıstanda son zamanlar qeyri-adi güclü mövsümi yağışlar yağır.

Qor vilayətinin qubernatorunun sözçüsü Əbdül Vahid Həmasın bildirdiyinə görə, vilayətə ciddi maddi zərər dəyib. Belə ki, cümə günü baş verən daşqınlardan sonra paytaxt Firozkoh daxil olmaqla minlərlə ev və əmlaka dağılıb, yüzlərlə hektar əkinçilik sahəsi məhv olub.

Taliban hökumətinin baş sözçüsü X sosial media platformasında “həlak olan əfqan soydaşlarımızın” xatirəsini yad edib və “məsul orqanları ... əzabları yüngülləşdirmək üçün bütün lazımi dəstəyi verməyə” çağırıb. O həmçinin “xeyirxah donorlarımızı” kömək etməyə və humanitar təşkilatları yardım göstərməyə çağırıb.

BMT-nin ərzaq agentliyi ötən həftə bildirib ki, Əfqanıstanda qeyri-adi leysan yağışlar nəticəsində xüsusilə də Bağlan vilayətində 300-dən çox insan ölüb, minlərlə ev dağılıb.

Dünya Ərzaq Təşkilatı bildirib ki, sağ qalanların evləri, torpaqları və dolanışıq mənbəyi qalmayıb. Təşkilat bildirib ki, Bağlanın böyük hissəsinə “yük maşınları üçün giriş yoxdur” və əlavə edib ki, sağ qalanlara ərzaq çatdırmaq üçün hər bir başqa alternativi nəzərdən keçirir.

Bundan öncə apreldə faciəvi daşqınlar nəticəsində Əfqanıstanda ən azı 7 nəfər ölüb. Sellər nəticəsində ölkənin qərbindəki Fərah və Herat vilayətləri və cənubdakı Zabul və Qəndahar vilayətlərində təxminən 2000 ev, üç məscid və dörd məktəb dağılıb.

Forum

XS
SM
MD
LG