Accessibility links

Taliban rejimindən qaçan jurnalistlər İranda ilişib qalıb


Əbdül Xəlil Rəsoli uşaqları ilə
Əbdül Xəlil Rəsoli uşaqları ilə

Əbdül Xəlil Rəsoli bu ilin əvvəlində Əfqanıstandakı təhlükələrdən qaçanda ailəsinə daha parlaq gələcəyə zəmanət verdiyini düşünürdü.

Amma indi jurnalist müddəti bitmiş viza və məhdud imkanlarla İranda ilişib qalıb.

Ailəsinin vizalarının üç ay əvvəl bitdiyini bildirən Rasoli "Bizə nə olacağını bilmirik" deyib. Onlar sığınacaq üçün Fransaya müraciət etsələr də, bunun uğurlu olub-olmayacağı barədə heç nə bilmirlər.

"Hər dəqiqə [İranın] bizi Əfqanıstana deportasiya etməsi mümkündür. İndi biz gecikməyə görə cəriməni ödəyə bilmərik. Bu, gündə adambaşına 50 dollar təşkil edir. Mənim pulum yoxdur" - deyə, o bildirir.

36 yaşlı Rasoli doğma Heratda vilayətindən Kabilə Əfqanıstanın paytaxtının Talibanın nəzarətinə keçməsindən iki ay əvvəl köçmüşdü.

2021-ci ilin avqustunda Taliban yenidən hakimiyyətə gəldikdən sonra o, həyat yoldaşını, 10 və 6 yaşlı iki qızını götürüb İrana, Tehrana köçüb.

Lakin vətənə qayıtmaq risklidir.

Rasoli Amerikanın Səsinə "Mən Əfqanıstana qayıda bilmərəm. "Orada həyatım təhlükədədir" deyib.

Jurnalist Heratda yaşayarkən gündəlik "Haşt-e Subh" qəzeti üçün reportajlar hazırlayırdı. Lakin ona hədəli zənglər və mesajlar gəlməyə başlayanda ailəsini paytaxta köçürüb.

“Mən Kabilin süqutundan sonra yazmağa davam edirdim. Məsələn, qərb əyalətlərində Taliban dövründə universitetlərin və yerli medianın üzləşdiyi məsələlər haqqında yazırdım” deyib Rasoli.

Onun həmkarları da təzyiqlərə məruz qalırdı. 2021-ci ilin oktyabrında qəzet Talibanın daxili işlər naziri vəzifəsini icra edən şəxs Əfqanıstanda minlərlə insanın ölümünə səbəb olan intiharçıların şərəfinə tədbir keçirdiyi barədə məlumat dərc edib.

Ondan az müddət sonra Taliban döyüşçüləri qəzetin Kabildəki ofisinə basqın edərək, qəzetin əməkdaşlarına "qrupun siyasətinə uyğun olmayan hər hansı məlumatı dərc etməmələri" barədə xəbərdarlıq edib.

Rasolinin dediyinə görə, Taliban qəzetin "fədakarlıq" əvəzinə "intiharçılar" ifadəsini işlətməsindən qəzəblənib.

Taliban Amerikanın Səsinin məsələ ilə bağlı sorğusuna cavab verməyib.

Rasoli üçün təhdidlər hətta Kabildə olarkən də davam edib. "Biz bir müddət Kabildə sığınacaqda yaşadıq və sonra Məzari-Şərifə köçdük" deyə o, bildirib.

2021-ci ilin avqustunda ailə Əfqanıstandan qaçan digər jurnalistlərə qoşularaq Tehrana köçüb.

Media nəzarətçiləri xəbər agentliklərinin və onların əməkdaşlarının zorakılıq, senzura və iqtisadi çətinliklərlə üzləşdiyini bildirir.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) avqust ayında Əfqanıstanda 543 media orqanından 213-nün bağlandığını, 6400-dən çox jurnalistin işini itirdiyini, ən çox qadınların zərər çəkdiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı yardım missiyası noyabr ayında bildirib ki, Talibanın hakimiyyəti ələ keçirməsindən sonra jurnalistlərə qarşı 200-dən çox təhdid, ixtiyari həbslər və qəddarcasına rəftar faktları qeydə alınıb.

XS
SM
MD
LG